• Təqvim

  • Maraq



“Toontastic 3D - mənim animasiyalı dünyam!” adlı layihə uğurla icra olunur


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin direktoru Leyla Allahverdiyevanın “Toontastic 3D - mənim animasiyalı dünyam!” adlı layihəsi uğurla icra olunur.

Qeyd edək ki, layihə çərçivəsində şagirdlər cizgi filmləri yaradacaqlar. Bunun üçün Toontastik 3D tətbiqindən istifadə etməklə şagirdlər öz ilk animasiya filmini yaradacaq ki, bu proses də onlarda idrak fəaliyyətini və İT kompetensiyalarını formalaşdıracaq. Layihəyə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 5,6,7,8-ci sinif şagirdləri cəlb olunub.

15.09.2023-cü il tarixindən layihənin hazırlıq mərhələsi başlayıb. Layihə komandası ilk olaraq sənədləşdirmə, vəsait hazırlığı və çap işləri ilə məşğul olublar. 

Oktyabr ayında isə “Toontastik 3D - mənim animasiyalı dünyam!” layihəsinin təqdimatı keçirilib.

Açılışda layihə rəhbəri, qonaqlar, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Layihə rəhbəri Leyla Allahverdiyeva layihə haqqında ətraflı məlumat verib. Açılışda eyni zamanda, layihə üzrə ekspert və layihənin könüllü köməkçisi Azərbaycan dili və ədəbiyyat müəllimi Orxan Əhmədov çıxış edərək layihənin keçirilmə məqsədi, qayda və şərtləri ilə qonaqları tanış edib. 

Tədbirdə müəllim və valideynlər birlikdə müzakirələr aparıblar,  qonaqları maraqlandıran suallar cavablandırılıb. 

Sonrakı mərhələdə animasiya filmi çəkmək üçün şagird seçiminə start verilib. Bunun üçün 80 şagirdi əhatə edən xüsusi sorğu təşkil edilib. Cəfərli kənd tam orta məktəbin gənc Azərbaycan dili və ədəbiyyat müəllimi Orxan Əhmədov şagirdlərin hekayə yazmaq, ssenari qurmaq bacarıqlarını yoxlayıb. 

Layihənin ilk günündən etibarən şagirdlərin yaşları nəzərə alınaraq onlar aid olduqları sinifər üzrə 4 qrupa bölünüb: 5,6,7,8-ci siniflər. Diaqnostik qiymətləndirmənin (hekayə yazmaq) nəticəsi əsas götürülərək bütün siniflər üzrə ilkin olaraq ən sadə hekayə quruluşu əsasında 3 hissəli sadə animasiyaların yaradılmasına başlanılıb. İlk dəfə şagirdlər üçün hekayə yazmaq çətin olsa da, artıq onlar bu işin öhdəsindən layiniqcə gələrək ilk animasiya filmlərini yaratmağa başlayıblar. 

Layihənin təlimləri hazırda uğurla davam edir.



Facebook-da paylaş