• Təqvim

  • Maraq



Qazaxda məktəblilərlə narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib


Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər mütəmadi olaraq davam etdirilir. 

“Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq tarixli göstərişinin icrası məqsədilə Qazax Rayon Polis Şöbəsinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. 

Oktyabrın 5-də Qazax Rayon Polis Şöbəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə “Narkomaniya ilə mübarizə hər birimizin sağlam gələcəyidir”, “Sağlam həyat tərzi”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında maarifləndirici tədbir keçirilib. Məktəb liseyin və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu zərər, doğurduğu təhdidlər barədə maarifləndirici söhbətlər aparılıb. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda baş məsləhətçi Əziz Məmmədov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov, adı çəkilən məktəblərin yuxarı sinif şagirdləri, müəllimlər, valideynlər iştirak ediblər. 

Təbirdə əvvəlcə məktəb liseyin həyətində məktəbin məzunu olmuş və 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun adını əbədiləşdirən bulaq ziyarət olunub, önünə qərənfillər düzülərək əziz xatirələri ehtiramla anılıb. 

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. S.Əsədov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. “Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan polis rəisi bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. Gənclərin sağlam gələcəyi naminə belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb. Polis polkovniki erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, erkən yaşda qurulan nikahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini vurğulayıb. Erkən nikahın gələcəkdə ailədaxili, həmçinin psixoloji problemlərin yaranmasına səbəb olduğunu bildirib. Bu problemlərin baş verməməsi üçün gənclərin mütləq şəkildə təhsilə yönəlməsinin və mükəmməl savada yiyələnməsinin zəruriliyini diqqətə çatdırıb. Daha sonra o, dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib. Bildirib ki, adətən, cəmiyyətdə əmin-amanığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur. Gəncləri radikal qruplaşmaların yalanlarına, xürafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.


Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək narkomaniyanın qlobal problem olaraq qaldığını, ona qarşı mübarizənin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmasını nəzərə alaraq, sistemli yanaşma və müsbət təcrübənin öyrənilməsi məqsədilə genişmiqyaslı işlər görüldüyünü qeyd edib. R.Gözəlov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün səfərbər olmalı, bu istiqamətdə mühüm addımlar atmalı, var qüvvəsi ilə çalışmalıdır. Gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verməlidir. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. Daxili İşlər Nazirliyinin və yerli polis orqanları əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib. 


Məktəb liseyin direktoru Tahirə Comərdova narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq Rayon Polis Şöbəsinin rəhbərliyinə məktəb kollektivi adından minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Həmçinin, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu söyləyib. Yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.  


Tədbirdə çıxış edən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda baş məsləhətçi Əziz Məmmədov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıblar. Narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu gün polis əməkdaşları maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Çıxış edənlər gələcəyin qurucuları olan məktəbli və tələbələrin bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalı olduqlarını tövsiyə ediblər. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş