• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Əməkdar elm xadimi Vüsət Əfəndiyevin 70 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib


İyulun 7-də Bakı Dövlət Universitetinin Qazax filialında Əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib. 

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr, Vüsət Əfəndiyevin ailə üzvləri iştirak edib. 

Tədbir iştirakçıları əvvəlcə V.Əfəndiyevin filialın foyesində qoyulmuş xatirə şəklinə baxaraq xatirəsini anıblar. 


Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək bildirib ki, görkəmli alim əmək fəaliyyətinə 1977-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi kimi başlamışdır. 1979-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin "SSRİ-nin iqtisadi coğrafiya" kafedrasında asissent, baş müəllim, dosent vəzifələrində işləmişdir. V.Əfəndiyev "Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Sosial-iqtisadi və siyasi coğrafiya" ixtisası üzrə "Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. V.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011-ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2016-2019-cu illərdə BDU-nun Qazax filialının direktoru vəzifəsində çalışıb. 2007-2019-cu illərdə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri olub. Hazırda Vüsət Əfəndiyevin yetirmələri Coğrafiya fakültəsində onun yolunu davam etdirirlər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbirdə çıxış edərək Filialın ilk direktoru olmuş V.Əfəndiyevin keçdiyi şərəfli ömür yolundan, onun elmi-pedaqoji fəaliyyətindən, cografiya elminə verdiyi böyük töhfələrdən danışıb.

Sonra V.Əfəndiyevin həyat və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.



Tədbirdə İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edərək professor V.Əfəndiyevin bir sıra fəxri adlara və mükafatlara layiq görüldüyünü qeyd edib. Bildirib ki, görkəmli alim 1994 və 2000-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin Fəxri Fərmanı ilə təltif edilmiş, 1998-ci ildə akademik H.Ə.Əliyev adına müsabiqənin laureatı olmuş, 2005-ci ildə "Qabaqcıl Təhsil işçisi" fəxri adını almışdır. O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. M.Süleymanov görkəmli alimin 160-dan çox elmi əsərlərin, o cümlədən 7 monoqrafiyanın və kitabların, 11 dərslik və dərs vəsaitinin, 4 xəritənin, 3 metodik göstərişin və 15 proqramın müəllifi olduğunu qeyd edib.


Tədbirdə Filialın Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, pedaqoji fakültənin dekan əvəzi Hamlet İlyasov, İctimai və təbiət fənləri kafedrasının müdiri Arif Veyisov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdir əvəzi İradə Arıxova, həmin kafedranın baş müəllimi Heyran Vəkilova çıxış edərək görkəmli alim ilə bağlı xatirələrini söyləyib, onun yüksək insani keyfiyyətlərindən danışıblar.


Mərasimin sonunda Yasin Əfəndiyev çıxış edərək qardaşının xatirəsinə göstərilən dərin ehtirama və qədirbilənliyə görə professor V.Əfəndiyevin ailəsi adından BDU-nun Qazax filialının rəhbərliyinə və kollektivə öz dərin minnətdarlığını bildirib.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş