• Təqvim

  • Unutma

  • Maraq



Emin Əmrullayev: Qazax Müəllimlər Seminariyasında Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün yaxşı imkanlar var


Qazax Müəllimlər Seminariyasında Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimləri üçün yaxşı imkanlar var. Seminariyada Gürcüstanın azərbaycandilli məktəbləri üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında söyləyib.

Nazir qeyd edib ki, gürcü həmkarı ilə görüşdə Gürcüstandakı azərbaycandilli məktəblərin və Azərbaycandakı gürcüdilli məktəblərin dərsliklərinin keyfiyyətinin yaxşılaşdırılması və uyğunlaşdırılması istiqamətində əməkdaşlıq diqqət mərkəzində olub. Tərəflər dərsliklərin məzmunu və uyğunlaşdırılması məsələsində əməkdaşlığın genişləndirilməsi, daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.

E.Əmirullayev deyib ki, Gürcüstanda yaşayan soydaşlarımızın öz dillərini, mədəniyyətlərini və milli kimliklərini daha yaxşı öyrənməsi və əxz etməsi baxımından məktəbin rolunun artırılması, azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası baxımından gürcü dilini öyrənməsi qarşıya məqsəd olaraq qoyulub. Görüşdə müəllim hazırlığı məsələsi də ayrıca müzakirə olunub.

“Eyni zamanda, ADA Universiteti tərəfindən Qazax Müəllimlər Seminariyasının bərpasından sonra orada yaradılmış şəraitlə bağlı həmkarlarımıza məlumat verdik. İnanırıq ki, həmin müəssisə həm də Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin təhsilverənləri üçün yaxşı imkanlar açır”, – deyə E.Əmrullayev vurğulayıb.

Nazir deyib ki, müəllim hazırlığı ilə bağlı birgə və ikili proqramların hazırlanıb həyata keçirilməsi məsələsi də müzakirə olundu. Hazırda Azərbaycanda və Gürcüstanda müəllim hazırlığı proqramları bir-birindən fərqlidir. Bu istiqamətdə ortaq məxrəcə gəlmək vacibdir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən gürcüdilli məktəblərin də müəllim heyəti üçün müvafiq təlimlərin keçilməsi mühüm əhəmiyyət daşıyır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi, 18 may 2023-cü il



Facebook-da paylaş