• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Aprelin 28-də Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.

Tədbir Zərifə xanım Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edlməsi ilə başlayıb. Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi geniş şəkildə qeyd edilir. Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsinin, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. O, həm də xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün əvəzsiz töhfələrini verib. Azərbaycanın tanınmış simalarından olan, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Qayğıkeş həkim Zərifə xanım Əliyevanın həyat yolu nümunə göstərilə biləcək qədər mənalı, zəngin olub. Qaranlıq gözlərə nur paylayan, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik əməlləri ilə əbədiyaşarlıq qazanmışdır. Diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə 2023-cü il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan edilib. Zərifə xanımın 100 illiyi onun taleyi ilə birbaşa bağlı olan ömür-gün yoldaşının 100 illiyinə həsr edilmiş ildə qeyd olunur. Həm Ulu Öndərimizin, həm də görkəmli alim Zərifə xanımın 100 illik yubileylərinin ölkəmizdə təntənəli surətdə qeyd olunması bir daha onu deməyə əsas verir ki, xalqımız Heydər Əliyev və Zərifə Əliyevanın simasında mənəviyyat tariximizi örnək kimi nəsildən-nəslə ötürür.


Tədbirdə filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova məruzə ilə çıxış edərək vurğulayıb ki, Zərifə xanım Əliyeva hər şeydən əvvəl Azərbaycan dövlətinə, xalqına xidmət edən gözəl bir nəslin nümayəndəsidir. O, həkimlik peşəsini, xüsusilə oftalmologiya sahəsini seçərək insanlara nur bəxş edib. Zərifə xanım Əliyevanın dünyanın dahi şəxsiyyətləri içərisində özünəməxsus yeri olan Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olması və onun həyatının bütün məqamlarında yanında olması, dayaq, güvən yeri kimi çıxış etməsi də Ümummilli Liderin həm siyasət, dövlət həyatında, həm də qarşıya qoyduğu bütün məqsədlərə çatmasında böyük dəstək olub.

Sonra məruzə ətrafında çıxışlar olub. Filologiya elmləri doktoru Valeh Nəsibov, İctimai və təbiət fənləri kafedrasının müəllimi Əfsanə Əsgərova, kimya və biologiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Şahnaz Qasımova, tarix ixtisasının IV kurs tələbəsi Sübhan Məbudzadə çıxış edərək Zərifə xanım Əliyevanın keçdiyi mənalı ömür yolundan söz açıblar.

BDU Qazax filialının Mətbuat Xidməti



Facebook-da paylaş