• Təqvim

  • Unutma

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən növbəti tədbir “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda olub


“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Tarix yazan şəxsiyyət“ mövzusunda silsilə tədbirlərə start verilib.

Növbəti tədbir “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda olub. 

Kollecin ideoloji mərkəzində keçirilən dəyirmi masada müəllim və tələbələr iştirak ediblər. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  


Kollecin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsindən danışıb, bu ilin əhəmiyyətindən söz açıb. V.Əyyubov Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsini təhsil işçiləri olaraq minnətdarlıqla qarşıladıqlarını qeyd edib. Bu ildə hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşdüyünü, eyni zamanda şərəfli bir fəaliyyət ilinin başlandığını söyləyib. Dövlətçilik tariximizin səhifələrinə yazılmış qanlı-qadalı günlərin, xalqımızın azadlıq mübarizəsi yolunda başına gətirilmiş qətliamların, qırğınların araşdırılması, tədqiq edilməsi, əsl günahkarların tanıdılması, həmin tarixi hadisələrin dünya ictimaiyyətinə düzgün, tarixi faktlarla çatdırılması, hadisələrə ilkin siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Ümummilli Liderin misilsiz xidmətləri olduğunu diqqətə çatdırıb. Artıq bu il 33-cü ildönümü qeyd ediləcək 20 Yanvar faciəsinin həqiqətlərinin dünyaya çatdırılması, əsl cinayətkarların ifşa edilməsi, hadisəyə ilkin siyasi-hüquqi qiymətin verilməsinin də məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 


Kollecin Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxışında Ulu Öndərin təkcə Azərbaycanın inkişafı, tərəqqisi, çiçəklənməsi, müstəqilliyin xilası istiqamətində böyük işlər müəllifi olmadığını, eyni zamanda tariximizin, keçmişimizin, milli-mənəvi yaddaşımızın yenidən bərpasında, müstəqillik yolunda, azadlıq mübarizəsində çəkdiyi məşəqqətlərin, qırğınların, faciələrin araşdırılması, yenidən xalqa, dünya ictimaiyyətinə tanıtdırılması, təbliğ edilməsi, ilkin siyasi-hüquqi qiymətin verilməsi istiqamətində olan işlərə öz əbədi imzasını atdığını vurğulayıb. Siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət olan 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etirazın da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.


Sonra Kollecin tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova öz çıxışında Ümummilli Liderin Azərbaycan və Azərbaycançılıq fəaliyyətini xalqımızın milli sərvəti kimi qiymətləndirib. Onun adı və imzasının hər bir azərbaycanlının qəlbində əbədi işıq kimi şölələndiyini, bu işığın ziyasında xalqımızın bu gün yeni uğurlara, yeni qələbələrə imza atdığını qeyd edib.



Facebook-da paylaş