• Təqvim

  • Maraq



Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Qan yaddaşımız Xocalı" adlı anım tədbiri keçirilib


Fevralın 24-də Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Qazax Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Qan yaddaşımız Xocalı" adlı anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində təşkil olunmuş "Xocalı soyqırımı” adlı foto və kitab sərgisinə baxıblar.

Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunub.




 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quluyev tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra kollecin tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov, Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Elvira Əfəndiyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov mövzu ətrafında çıxış ediblər. Çıxış edənlər Xocalı soyqırımının tarixə yazılan ən dəhşətli faciə olduğunu bildiriblər. Qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Ermənilər Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb, şəhər yerlə-yeksan edilib.

Tədbirin sonunda kollecin tələbələri Xocalı faciəsinə həsr olunmuş şeir, üç xarici dildə Xocalı həqiqətləri haqda məlumatlar səsləndiriblər.

Kollecin direktoru Elşad Quluyev tədbirə yekun vuraraq möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını və artıq 2 ildir ki, anım mərasimini qalib xalq kimi qeyd etdiyimizi bildirib.
















GOYEZEN.AZ



Facebook-da paylaş