• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Filialın direktorunun Xocalı soyqırımının keçirilməsi ilə əlaqədar təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində təşkil olunmuş "Xocalı soyqırımı” adlı foto və kitab sərgisinə baxıblar.

Sonra tədbir öz işinə başlayıb. Vətən müharibəsində həlak olmuş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib.Bildirib ki, Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Ermənilər Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxsin ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb, şəhər yerlə-yeksan edilib.


Filialın dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib.

Sonra müəllimlərdən Əfranə Həsənli, filialın İV kurs tələbəsi Pəri İbrahimova çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildiriblər.

Tədbirin sonunda filialın IV kurs tələbəsi Qənirə Musayeva Xocalı faciəsinə həsr olunmuş şeir səsləndirib.  

Filialın direktoru A.Rüstəmov tədbirə yekun vuraraq möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını və artıq 2 ildir ki, anım mərasimini qalib xalq kimi qeyd etdiyimizi bildirib.





BDU Qazax filialının Mətbuat Xidməti



Facebook-da paylaş