Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən “Virtual məktəb”də toplantı keçirilib
Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı həyata keçirilən təxirəsalınmaz mübarizə tədbirləri nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyaya nümunə göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təxirəsalınmaz tədbirlərdən biri də 2020-ci ilin mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasıdır. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək elan edilən xüsusi karantin rejimi isə davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bunu nəzərə alaraq ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması hələ də davam edir. Respublikamızda xüsusi karantin rejimi elan olunduğuna və məktəblərdə tədrisin dayandırılmasına görə bu müddət ərzində şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və imkanlardan səmərəli istifadə edilir. Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün onlayn dərslərə, distant təhsilə cəlb olunmaları istiqamətində məqsədyönlü tədbirlər görülür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən başlayaraq start verdiyi "Virtual məktəb” layihəsi də məhz bu məqsədi daşıyır.
Xalq şairi Səməd Vurğunun adını daşıyan Qazax şəhər 2 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi də Təhsil Nazirliyinin "Virtual məktəb” layihəsinə qoşularaq onlar üçün yaradılan imkanları dəyərləndirir, Nazirlik və rayon Təhsil şöbəsi tərəfindən verilən tapşırıq və tövsiyələri olduğu kimi icra edirlər.
Ötən tədris ilində məzunlarından 2 nəfəri 600-dən, 6 nəfər isə 500-dən yuxarı nəticə göstərən məktəb kollektivi bu il də yüksək göstəricilər əldə etmək üçün təhsilə qaldıqları yerdən davam edərək"Virtual məktəb” layihəsində onlayn dərsləri uğurla yerinə yetirirlər. "Virtual məktəb”də 55 nəfər müəllimin iştirakı ilə keçirilən toplantı da bunun əyani sübutudur.
Məktəbin direktoru Murğuz Mustafayev videotoplantında giriş sözü ilə çıxış edərək Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərdən danışıb. Ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açan məktəb direktoru ötən ilin fevral ayında 964 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini həmin qayğının bariz nümunəsi kimi göstərib. Rəhbərlik etdiyi kollektiv adından ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova bir daha minnətdarlığını bildirib. Fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə olan qayğısına, müəllim əməyinə verdiyi qiymətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müəllimlər adından təşəkkür edib. Hətta, məktəbin təmiri zamanı müəllim-şagird kollektivi ilə görüşməsini, görülən işlərlə mütəmadi olaraq maraqlanmasını rayon rəhbərinin təhsil sahəsinə olan qayğısı kimi qeyd edib. Məktəb direktoru ilk olaraq məktəblərdə təhsilin dayandırılmasını dövlət qayğısının daha bir nümunəsi kimi göstərib. Ölkə vətəndaşlarının, o cümlədən də gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində görülən işlərə görə dövlət başçısına minnətdarlığını bildirib.
Məktəb direktoru Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərdən, həmçinin 2 aprel 2020-ci il tarixdən virtual.edu.az saytında yaradılan "Virtual məktəb” layihəsindən də söz açıb. Bütün məktəblər kimi, şəhər 2 nömrəli tam orta məktəbin də ilk gündən "Virtual məktəb” layihəsinə qatıldığını, istər müəllimlərin, istərsə də şagirdlərin bu layihəyə qatılmaqda fəallıq nümayiş etdirdiklərini vurğulayıb.
Artıq üçüncü dəfədir ki, "Virtual məktəb” portalında toplantı keçirən kollektiv bugünkü virtual görüşdə də portalın yaratdıqları imkanlardan söz açıblar. Təhsil Nazirliyinin onlar üçün açdıqları geniş imkanları bir daha minnətdarlıq hissi ilə qarşılayıblar.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Kərimova çıxış edərək "Virtual məktəb”də 65 nəfər müəllimin və şagirdlərdən böyük əksəriyyətinin qeydiyyatdan keçdiklərini vurğulayıb. Həftəiçi keçirilən teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış tapşırıqlar əsasında dərsləri onlayn qaydada tədris etdiklərini qeyd edib. Şagirdlərin vaxtlı-vaxtında həmin dərslərə qatıldıqlarını söyləyib. Bundan əlavə, məktəbdə tədris dayandırılan ilk andan sosial çağırışları özündə əks etdirən videoçarxların hazırlandığını, müəllim və şagirdlərin "Evdə qal, təhsildən geri qalma” adlı sosial layihədə fəal iştirak etdiklərini bildirib.
Videotoplantıda iştirak edən rus dili və ədəbiyyat müəllimi Təranə Yusifova, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Yaqubova, ingilis dili müəllimi Şəfaqət Əhmədova çıxış edərək ölkəmizdə koronavirus pandemiyası ilə bağlı görülən işlər haqda ürək sözlərini çatdırıblar. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sağlamlığının qorunması istiqamətində atılan uğurlu addımları, həyata keçirilən qabaqlayıcı tədbirləri yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışı bir daha göstərdi ki, Azərbaycan xalqı hər zaman birlik, həmrəylik nümayiş etdirib. Müəllimlər karantin rejimi müddətində gördükləri işlər, "Virtual məktəb”də qeydiyyatdan keçən şagirdlər və keçdikləri dərslər haqqında məlumat veriblər.
Videotoplantıda şagirdlərin sinifdən-sinifə keçmə, iyun ayında keçiriləcək buraxılış imtahanlarının qaydaları və s. mövzu ətrafında da müzakirələr aparılıb. IX və XI sinif şagirdlərinin sinif rəhbərlərinə, fənn müəllimlərinə daha da məsuliyyətli olmaları, şagirdlərin "Virtual məktəb”ə cəlb olunmaları tövsiyə edilib.
Sonda məktəb direktoru qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha böyük səylə çalışmalarını qeyd edib və bu işdə hər bir müəllimin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Müəllimlərə parlaq gələcək naminə həyata keçirdikləri işlərdə uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş