• Təqvim

  • Unutma

  • Maraq



Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi məcburi köçkünlərimizi də unutmadı


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər Qazaxda da minnətdarlıq və razılıq hissi ilə qarşılanır.

Bu sahədə görülən işlər Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən də yüksək qiymətləndirilir. Həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədilə Mərkəzin kollektivi də nümunəvi addım atıb. Belə ki, Mərkəzin direktoru Gövhər Rəhimovanın təşəbbüsü ilə kollektiv əhalinin bu dönəmdə tibbi maskalara gündəlik tələbatının normadan artıq olduğunu nəzərə alaraq öz vəsaitləri hesabına evlərində tibbi maska tikməklə görülən işlərə öz töhfələrini verib.

Mərkəzin dərnək rəhbərlərindən Nüşabə Hacıyeva, Nailə Mustafayeva, Yeganə Kazımova, Şəfayət Murğuzova, Nargilə Yusifova, Ziba Qasımzadə, Nurlana Qapaqova, Lalə Güliyeva, Gövhər Mustafayeva və Validə Yusifova tərəfindən tikilən 270 ədəd tibbi maska əvvəlcə şəhər ərazisində müxtəlif yerlərdə ictimai işlərdə çalışan insanlara paylanılıb.

Mərkəzin direktoru və "Gənc Könüllülər" tərəfindən maska paylanılan növbəti ünvan isə mənfur düşmən tərəfindən işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbə olub.

Özündə birliyi, həmrəyliyi nümayiş etdirən bu təşəbbüs sayəsində qəsəbədə yaşayan məcburi köçkünlərə 250-dən çox tibbi maska paylanılıb.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova ölkəmizdə dövlət tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işləri bir daha yüksək qiymətləndirib. Hər kəsi belə çətin anda ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışını əldə rəhbər tutaraq dövlətimizin, xalqımızın yanında olmağa çağırıb. G.Rəhimova həyata keçirdikləri bu təşəbbüsün nümunə olması ilə yanaşı, görülən işlərə bir töhfə olduğunu vurğulayıb.







GOYEZEN.AZ                                                                                                           



Facebook-da paylaş