BDU-nun Qazax filialında onlayn konfrans keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında filialın əsas struktur rəhbərlərinin iştirakı ilə onlayn konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, filialda tədris prosesinin onlayn rejimdə davam etdirilməsi, pandemiya başlanan dövrdən bəri görülmüş işlər və nəzərdə tutulmuş məsələlər müzakirə olunub.
Filialın direktoru, dosent Arif Rüstəmov koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə tədris işlərinin virtual şəkildə davam etdirildiyini bildirib. Qeyd edib ki, filialda keçiriləcək dərslərin bütün materialları tələbələrə çatdırılıb və tədris prosesi onlayn formasında davam etdirilir. Bildirib ki, filial xalqımızla həmrəyliyini bəyan edərək koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərib. "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən könüllü ianə edilib. Filialın direktorluğunun qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 7500 manat məbləğində maliyyə vəsaiti köçürülüb.
Filialın tədris şöbəsinin müdiri Hürü Şamilova və dekan əvəzi Hamlet İlyasov görülən işlər barədə məlumat verərək bildiriblər ki, filialda qarşıya qoyulmuş bütün işlər planauyğun qaydada həyata keçirilir və bütün tədris materialları ilə tələbələr tam təmin olunublar. Bununla bağlı filialda heç bir problem yaranmayıb və tədris prosesi virtual qaydada davam etdirilir.
Direktor Arif Rüstəmov qeyd edib ki, tələbələr qarşılaşdıqları suallarla bağlı həm direktorluğa, həm də filialın aidiyyatı strukturlarına onlayn qaydada müraciət edə bilərlər. Əmin olduğunu bildirib ki, yaranmış şəraitdə müəllim və tələbələr birlik nümayiş etdirəcək və qarşımızda duran vəzifə uğurla həyata keçiriləcəkdir.
Konfransın sonunda görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş