Elm beşiyinin layiqli sələfi
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə yüksək inkişafa
nail olunmuş, əhalinin maddi rifahı daha da yaxşılaşmış və Azərbaycan dünya
ölkələri sırasında qabaqcıl yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı
infrastruktur layihələr əsasında sosial-iqtisadi həyatın yenidən qurulması və
davamlı inkişafı üçün şərait yaradılmışdır. Ümummilli
Lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin
təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə gedən inkişaf konsepsiyasına
uyğun olaraq gənc nəslə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə
təhsil sisteminin müasir elmi əsaslar üzərində inkişaf etdirilməsi
istiqamətində də mühüm işlər görülür. Ötən müddət ərzində təhsilin normativ
hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində
Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər
həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın
məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri
uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Son
15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişikliklərinin
baş verməsi, Heydər
Əliyev Fondunun və Fondun prezidenti, Birinci vitse-prezident Mehriban
Əliyevanın həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı
və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının
möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli
töhfələr vermişdir. Ona görə də birmənalı şəkildə və böyük iftixar hissi ilə
deyə bilərik ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini
yaşamaqdadır. Ölkə
başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”nda dünya ölkələri sırasında aparıcı mövqe tutan,
səriştəli müəllim və təhsil işçilərinə, qabaqcıl texnologiyalara əsaslanan
infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirlər
nəzərdə tutulmuşdur. Dövlət tərəfindən təhsil sahəsinə ən yüksək səviyyədə
göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkəmiz üçün milli məfkurəyə
sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis
vətəndaş hazırlamaqdan ibarət olan Azərbaycanın təhsil sistemi öz inkişafına
görə dünyanın ən inkişaf etmiş ölkələri ilə yanaşı dayanır.
Prezident
İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Qazax filialı həmin ilin iyul ayının 1-dən Bakı Dövlət Universitetinin Qazax
filialı kimi
fəaliyyətə başlamışdır. Prezidentin imzaladığı Sərəncamda qeyd edildiyi
kimi, BDU-nun Qazax filialı "Regionların sosial-iqtisadi inkişafı üçün yüksək
ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin
seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək,
eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından
istifadənin səmərəliliyini artırmaq məqsədi” ilə yaradılmışdır. Bu mühüm əhəmiyyətli Sərəncamla Qazax
Müəllimlər Seminariyası tərəfindən qoyulmuş tarixi ənənə yenidən bərpa olunmuş
və regionda təhsilin inkişaf etməsinə əsaslı bir təkan vermişdir. Sərəncamın
icrası ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış,
filialın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlərin
görülməsi təmin edilmiş və filialın regionda aparıcı təhsil müəssisəsinə
çevrilməsi yolunda lazım gələn bütün tutarlı addımlar atılmışdır. Regional ali
təhsil müəssisəsi kimi bölgədə fəaliyyət göstərən, təhsilin ən yüksək
göstəricilərini özündə ehtiva edən filial öz şəffaf fəaliyyətiilə gənc nəslə müasir
elmi biliklər verilməsində mühüm rol oynayaraq ixtisaslı kadrların
hazırlanmasında müstəsna əhəmiyyətə malikdlir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov BDU-nun Qazax filialının yarandığı ilk
gündən onun maddi-texniki bazasının möhkəmləndirilməsi, tələbələrin ən yüksək şəraitdə təhsil almaları
üçün öz köməyini əsirgəməmişdir. İcra başçısının filialda həyata keçirilən
demək olar ki, bütün tədbirlərdə iştirak etməsi, daim müəllim və tələbələrlə
birgə olması icra hakimiyyəti ilə tədris müəssisəsinin birliyinin ən bariz
nümunəsidir. Rayon rəhbəri tərəfindən göstərilən və bu gün də davam etdirilən
bu diqqət və qayğı ölkənin bir nömrəli ali təhsil ocağı və universitetlərin
flaqmanı olan Bakı Dövlət Universitetinin Qazax filialının bölgələrdə fəaliyyət
göstərən bütün filiallar arasında birinci olmasını təmin etmişdir. Filialın
ilk direktoru olmuş Əməkdar elm xadimi, professor mərhum Vüsət Əfəndiyevin
rəhbərliyi ilə filial inkişaf mərhələsinə qədəm qoymuş, az bir vaxt ərzində bu
ali tədris müəssisəsində təhsil və daxili nizam-intizam köklü şəkildə
yüksəlmişdir. Möhkəm şəkildə əsası qoyulan bu ənənə bu gün filialın direktoru,
dosent Arif Rüstəmov
tərəfindən inamla davam etdirilir və artıq özünün ən yüksək səviyyəsinə
çatmışdır. Filialdakı yüksək səviyyəli tədris və təhsili bu ali təhsil ocağının
bugünkü fəaliyyətindən də aydın şəkildə görmək olar. Filialın
tədris binasında müəllim və tələbələr üçün yüksək şərait yaradılmışdır. Tədris
müəssisəsinin maddi-texniki bazası gücləndirilmiş, əyani və metodiki vasitələrlə
tam təmin edilmişdir. Hazırda 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn
laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris
vasitələri tələbələrin ixtiyarındadır. Filialda 95 nəfər professor-müəllim
heyəti tədrisə cəlb olunmuşdur ki, bunlardan da 1 nəfər professor, 20 nəfər elmlər
namizədi-dosentdir (11 nəfər dosent, 9 elmlər namizədi). 12 nəfər baş müəllim,
59 nəfər isə müəllim kimi fəaliyyət göstərir. Bu göstəricilər yüksək ixtisaslı
kadrlar yetişdirmək üçün gənclərin müxtəlif ixtisaslar üzrə keyfiyyətli ali
təhsilə çıxış imkanlarının genişlənməsinə, ali təhsil müəssisəsinin mövcud
maddi-texniki imkanlarından və kadr potensialından istifadəsinin
səmərəliliyinin artmasına bariz nümunədir. Qazax
filialında görülmüş işlərin və tədrisin səviyyəsinin yüksək olmasının
nəticəsidir ki, filialı seçən tələbələrin sayı ilbəil artmaqda davam edir. Bunu
qəbul olan tələbələrin artım dinamikasından da aydın şəkildə görmək olar. Əgər
2016-2017-ci tədris ilində
filiala cəmi 139 tələbə daxil olmuşdusa, 2017-2018-ci tədris ilində bu rəqəm
artaraq 389-a çatmış, 2018-ci ildə isə 562 tələbə təhsil almaq üçün BDU-nun
Qazax filialını seçmişdir. Bu tədris ilində isə 1 yeni ixtisas (Azərbayan dili
və ədəbiyyat, qiyabi) əlavə olunmaqla ümumilikdə 17 ixtisas üzrə əyani şöbəyə,
4 ixtisas üzrə qiyabi şöbəyə qəbul aparılmışdır. 2019-2020-ci tədris ilində
Qazax filialına respublikamızın 58 regionu üzrə 552 tələbə qəbul olunmuşdur. Bu
il 6 nəfər tələbə 500 baldan, 47 nəfər tələbə 400 baldan (2018-2019-cu tədris
ili üzrə 16 nəfər), 306 nəfər tələbə isə 300 baldan (2018-2019-cu tədris ili
üzrə 172 nəfər) yuxarı nəticə göstərmişdir. Hazırda filialda 1480 nəfər tələbə
yüksək səviyyədə təhsil alır (147 nəfər qiyabi təhsil alan) və gələcəkdə yüksək
ixtisaslı kadr kimi yetişmələri üçün səylə çalışırlar. "Bilik yeganə meyardır”
devizi altında təhsil alan tələbələr filialda yaradılmış şəffaflıq meyarından
bəhrələnərək öz bilik və bacarıqlarını daim artırırlar. Onu da qeyd edək ki, bu
il ilk dəfə olaraq filialda 4 ixtisas üzrə magistr qəbulu aparılmışdır. Filialda tələbələrin elmi axtarış aparmaqları üçün
münbit şərait yaradılmış, professor Hüseyn Xəlilovun rəhbərliyi ilə Tələbə Elmi
Cəmiyyəti təsis edilmişdir. TEC-də tələbələr öz elmi biliklərini daha da
zənginləşdirir, elmi axtarışlarını davam etdirirlər. Tələbə Gənclər və Tələbə
Həmkarlar Təşkilatları ətrafında birləşən gənclər müxtəlif səpkili tədbirlər
keçirir, tələbə həyatlarının daha da maraqlı olmasına çalışırlar. Filialın ictimai həyatı da çoxşaxəli və zəngindir.
Bütün əlamətdar günlər, milli bayramlar, anım günləri filialda müntəzəm olaraq qeyd
edilir, müxtəlif tədbirlər keçirilir. Bundan başqa, filialda keçirilən yüksək
səviyyəli elmi-praktik konfranslar ali təhsil müəssisəsinin elmi yeniliklərlə
zəngin olmasının daha bir göstəricisidir. Təkcə 2019-cu ildə Qazax Rayon İcra
Hakimiyyəti, Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dillər
Universiteti və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə Qazax Müəllimlər
Seminariyasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmiş və
konfransın materialları kitab şəkilində çap olunmuşdur. Bu günlərdə isə Qazax Rayon
İcra Hakimiyyəti, BDU-nun Qazax filialı və Azərbaycan Yazıçılar Birliyi Qazax zona
filialının birgə təşkilatçılığı ilə keçirilən Nəsiminin 650 illik yubileyinə
həsr olunmuş elmi-praktik konfrans rayon ictimaiyyəti tərəfindən rəgbətlə
qarşılanmışdır. Noyabr ayının 26-da Bakı Dövlət Universitetinin 100
illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. Prezident İlham
Əliyevin yubiley münasibətilə bu ali təhsil ocağının əməkdaşlarının təltif
edilməsi ilə bağlı imzaladığı Sərəncamda Qazax filialının da öz payı vardır.
Ölkə başçısının Sərəncamına əsasən filialın tədris işləri üzrə direktor
müavini, dosent Məmməd Yusifov "Tərəqqi” medalı ilə təltif olunmuşdur. Yubiley ilə əlaqədar filialın rəhbərliyi və bir
qrup əməkdaşı da mükafatlara layiq görülmüşdür. Təhsil naziri Ceyhun Bayramovun
əmri ilə filialın direktoru Arif Rüstəmov, direktor müavini Məmməd Yusifov,
dekan əvəzi Hamlet İlyasov, şöbə müdiri Hürü Şamilova, kafedra müdirləri Hüseyn
Xəlilov və Arif Veysov, baş müəllim Aygün Əliyeva "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif
edilmişdir. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə
noyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə ölkə
başçısı proqram xarakterli nitq söyləmişdir. Qeyd etmişdir ki, "Müəllimlərin
üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad
- onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur.
Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa,
nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə
yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər
milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə
almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm
ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli,
savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki,
Azərbaycanın dövlət müstəqilliyi güclənsin”. Tam əminliklə demək olar ki, Prezident İlham
Əliyevin qarşıya qoyduğu bu vəzifələri elm beşiyinin layiqli sələfi olan
BDU-nun Qazax filialının müəllim və tələbələri inamla həyata keçirəcəkdir. Qazax
Müəllimlər Seminariyasının sələfi olan filialın gündən-günə inkişafı, ali
təhsil ocağının rayonumuzdakı parlaq fəaliyyəti Qazax rayonunun yüz illiklərdən
gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinə tam
əminlik yaradır. Elçin İSMAYIL
Facebook-da paylaş