BDU-nun Qazax filialında hüquqi tədbirlər keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında hüquqi məzmunlu tədbirlər keçirilib. Heydər Əliyev auditoriyasında keçirilən tədbirlərdə filialın professor və müəllim heyəti, tələbələr iştirak edib.
Filialın direktoru dosent Arif Rüstəmov tədbirlərdə giriş sözü ilə çıxış edərək gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasının vacibliyindən danışıb, hüquqi mövzuda keçirilən bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkillərindən polis kapitanları Söhrab Orucov və İlham Rəhimovun iştirakı ilə keçirilən tədbirdə insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işinin təşkil olunmasının vacibliyindən danışılıb. Çıxışlarda qeyd olunub ki, insan alverinə qarşı mübarizə cəmiyyətin bütün fərdlərinin problemidir və maarifləndirmənin köməyi ilə həm məişət zorakılığı, həm də insan alveri ilə mübarizə aparmaq olar. Tədbir iştirakçılarına insanların cinayətkarlar tərəfindən insan alverinə cəlb edilmələri haqqında geniş məlumat verilib, bu bəladan qorunma yolları izah edilib.
Narkomaniya ilə mübarizə, erkən evlilik sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biridir. Bu mövzuda keçirilən digər tədbirdə Qazax rayonunda narkotiklə mübarizə sahəsində görülən məqsədyönlü işlərdən söz açılıb, bu cür tədbirlərin gənclərin sağlam ruhda tərbiyə olunmasında böyük rol oynadığı bildirilib.
Rayon Polis şöbəsinin rəisi, polkovnik Ədalət
Əliyev "Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi,
dini radikalizmə qarşı mübarizə və erkən nikah hallarının qarşısının alınması”
mövzusunda çıxış edərək bu cür hallara qarşı mübarizənin dövlətin əsas
prioritet məsələlərindən biri olduğunu bildirib.
Tədbirdə qeyd edilib ki, əsrimizin bəlası olan narkomaniyaya, dini radikalizmə və erkən nikaha qarşı ölkəmizdə, eləcə də Qazax rayonunda ciddi və barışmaz mübarizə məqsədi ilə həm hüquqi tədbirlər görülür, həm də əhali arasında, xüsusilə də yeniyetmələr arasında təbliğat və maarifləndirici işlər həyata keçirilir.
Tədbirlərin sonunda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Facebook-da paylaş