Qazaxda “Təhlükəsiz Davranış” barədə məlumatları özündə əks etdirən Forum teatr tamaşası keçirilib
Neytral, müstəqil və qərəzsiz
bir təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müstəsna humanitar
missiyası müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini
qorumaq və onlara yardım göstərməkdən ibarətdir. Bu cür müstəsna humanitar
missiyanın daşıyıcısı olan BQXK-si tərəfindən Qazax rayonunun Kəmərli kəndində "Təhlükəsiz
Davranış” barədə məlumatları özündə əks etdirən Forum teatr tamaşası keçirilib. BQXK-nin təşkilatçılığı ilə
Bakı Uşaq Teatrının peşəkar təlimçiləri tərəfindən bir neçə seçilmiş şagird ilə
birlikdə 17-20 dekabr 2018-ci il tarixlərində keçirilən 4 günlük təlimdən sonra
bu gün tamaşa Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbində göstərilib. Məktəb şagirdləri və müəllimlər,
eləcə də kənd sakinləri üçün göstərilən tamaşanın təşkil olunmasının əsas məqsədi
cəbhəyanı ərazidə məskunlaşan əhalinin, xüsusilə də məktəb yaşlı uşaqların
silahlar və silah qalıqlarının insan həyatına törətdiyi təhlükələr barədə məlumatları
teatr üslubunda, yəni uşaqların anlayacağı tərzdə onlara çatdırmaqdır.
Tamaşada Qazax RİHB aparatında İctimai-siyasi
və humanitar məsələlər şöbəsində baş məsləhətçi Sərdar Orucov, rayon Təhsil şöbəsinin
müdir müavini Rasim Carçıyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin sədri
Qurban Qurbanlı, BQXK-si Bərdə ofisinin əməkdaşları
Cesika Fleurinor, Rövşən Hümbətov, Cabir Əliyev, Nailə Hüseynli, Peykər
İbrahimova, Xəlil Əliyev və başqaları iştirak ediblər.
Bakı Uşaq Teatrının aktyorları Arzu Həsənli və
Rauf Hüseynli tərəfindən hazırlanmış və şagirdlərin rol aldığı tamaşa böyük rəğbətlə
qarşılanıb. Tamaşa haqqında fikirlərini bölüşən iştirakçılar
bugünkü tədbirin və göstərilən tamaşanın əhəmiyyətindən söz açıblar. Məktəblilərin
bu mövzuda maarifləndirilməsi istiqamətində təşkil olunmuş tamaşanın böyük əhəmiyyət
kəsb etdiyini bildiriblər. Kəmərli kənd tam orta məktəbin direktoru
Minarə Rəhimova çıxış edərək tamaşanın təşkilinə görə əməyi keçən insanlara
minnətdarlığını çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş