• Təqvim

  • Maraq



Uşaq dünyamız


Bəli, mənim üçün ən önəmli, yaddaqalan gün! Hansı ki, insan həyatının silinməz anı. Mən sizlərə rayonumuzun gözəl ab-havası sayılan uşaq-körpə çağların firavan günlərini yada salmaq istərdim. Belə bir sevincli, firavan günlərdən biri də rayonumuzda açılan 3 saylı körpələr evi-uşaq bağçasının açılışında yaşandı desək lap yerinə düşər. Mən bu uşaq bağçasının təntənəli açılış mərasimində Qazax şəhər 4 saylı tam orta məktəbin bir müəllimi, valideyni kimi çıxış etdim. Bu çıxış mənim üçün olduqca fəxrdir, sevincdir. Ona görə ki, bir vaxtlar 3 övladım bu bağçanın məzunu olub. İndi isə bir nənə kimi çıxış etdim. Deyə bilərəm ki, körpəlik çağları, uşaq dünyası insan yaddaşına həmişəlik həkk olunur. Körpə sevinci, körpə gülüşü hər bir insanın ruhunu oxşayır.

Doğrudan da az bir vaxtda tikintisi başa çatmış, yeni avadanlıqlarla təchiz olunmuş və açılışını etdiyimiz 3 saylı körpələr evi-uşaq bağçası da körpə dünyasını bəzəyir. Bütün bunlar, məhz Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın körpələrə olan qayğısından və "Uşaqlar bizim gələcəyimizdir” devizi altında verilən fikirlərdən irəli gəlir. Bu fikri, şüarı əldə dəstək tutan rayonumuzun icra başçısı Rəcəb Babaşovun adını fəxrlə çəkə bilərəm. Bu insan rayonumuza ayaq basdığı gündən xeyirxah, xeyriyyəçi insan kimi tanındı. Hamının istəklisinə çevrildi. Rayonumuzun hər sahədə abadlaşması Rəcəb müəllimin əsas amalı olmuşdur. Elə bu amaldan biri də rayonumuzda istifadəyə verilən çoxsaylı körpələr evi-uşaq bağçaları oldu. Həmin bağçalara misal olaraq son 2 ildə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, 2 saylı uşaq bağçasının, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunmasını göstərmək olar. Bundan başqa şəhər 6 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin başlanılması körpələrə olan diqqət və qayğını bir daha sübut edir.

Mən bu açılışda hər bir körpənin gözlərində sevinc, qəlblərində fərəh hissi hiss etdim. Valideynlərin uşaqları üçün yaradılmış yeni bağçaya görə nə qədər sevindiyini duydum. Əllərində şar, üçrəngli bayraq tutmuş bu balaca fidanlara isə sanki dünyanı bağışlamışdılar. Mən bu bağçada hər bir uşağa təlim-tərbiyə göstərən müəllimlərdən ağızdolusu danışmaq istərdim. Axı, körpə ilə davranmaq, onun dilini tapmaq müəllimdən cəsarət tələb edir. Mən belə müəllimlərdən bağçanın müdiri Asya xanıma öz təşəkkürümü bildirmək istərdim. Eyni zamanda bağçanın qabaqcıl, işgüzar müəllimlərindən Kəmalə. Aygün, Təranə və Aynur kimi müəllimlərin öz təşəkkür payı var.

Bu təşəkkür, təbrik payını məhz nəvəmin söz dünyasından istifadə edərək sizlərə söyləyirəm. Axı, nəvə şirin nemətdir. Qoy, hamı da mənim kimi, nənə adını daşısın və nəvəsinin şad günündə öz ürək sözlərini söyləsinlər.

Sevinirəm təzə adına,

Sevinirəm körpə adına.

Allah sizləri qorusun,

Körpələrə sevinc, pənah gətirsin.

Mən sonda bir daha bütün valideynlər adından və ən əsası da bir nənə kimi Qazax rayonunda görülən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığımı bildirirəm. Rayonda görülən hər bir işi və uşaqlara olan qayğını yüksək qiymətləndirirəm.













Nazilə SANIYEVA



Facebook-da paylaş