• Təqvim

  • Maraq



Kənd məktəbliləri də ekskursiyada fəal iştirak edirlər

Kənd məktəbliləri də ekskursiyada fəal iştirak edirlər


Bu gün artıq 1 aydır ki, davam edən ekskursiyanın növbəti iştirakçıları Musa Həsənov adına Birinci Şıxlı və Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəblərin müəllim və şagirdləri olub. Ötən il olduğu kimi, bu il də məktəblilərin Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasına ekskursiyaları maraqla qarşılanır. VI-IX siniflərdə təhsil alan şagirdlər əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən muzey və qalereya ilə tanış olurlar.

Vətənini, yaşadığın ərazinin, şəhərin, rayonun tarixini, dünəni, bu gününü bilmək hər bir vətəndaşın borcudur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən təşkil olunan ekskursiyanın da əsas məqsədi məktəblilərə rayonumuzun tarixini, dünənini və bu gününü çatdırmaq, eləcə də tanınmış rəssamların, heykəltaraşların əsərlərini, əl işlərini, tablolarını tanıtrmaqdır.

Öncə muzeydə qonaq olan məktəblilər rayonumuz haqqında ətraflı məlumat əldə edərək muzeyin 1-ci və 2-ci mərtəbəsi ilə yaxından tanış olublar. Şagirdlərə rayonun Daş Salahlı kəndində yerləşən Damcılı mağarası, İkinci Şıxlı kəndində yerləşən Sınıq Körpü və 1867-ci ildə ümumrusiya at sərgisində mükafat almış “Uzelok” ləqəbli məşhur Dilboz atları haqqında ətraflı məlumatlar verilib.

Sonra məktəblilər artıq 32 ildir ki, fəaliyyət göstərən və bu gün də hər kəsin sevimli məkanına çevrilən qalereyaya ekskursiya ediblər. Burada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin foto-şəkilləri şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlərə vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə bağlı ayrıca məlumatlar verilib.

Birinci Şıxlı kənd tam orta məktəbin direktor müavini Səməd Nəsibov, müəllimlərdən Könül Abdullayeva, Kətanə Alıyeva, Xuraman Vəliyeva, Fatma Yusibova, Göyçək İmanova, Afdandil Sadıqov artıq ikinci dəfədir ki, təşkil olunan ekskursiyanın əhəmiyyətindən danışaraq muzeydə yaradılan bu cür yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə bütün müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər.

Ekskursiya barədə təəssüratlarını bölüşən Birinci Şıxlı kənd məktəbinin şagirdlərindən Turanə Eynalova, Pəri Həsənova, Sürayə Məmmədova, Yunis Abdullayev, Cavanşir Qurbanov “Qazax qəzası” adlı bölmədə tariximizi yaxından öyrəndiklərini və Əliağa Şıxlıniskinin, Nigar Şıxlıniskayanın, İbrahim ağa Vəkilovun, Fərrux Ağa Qayıbovun və başqa tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti barədə maraqlı məlumatlar əldə etdiklərini qeyd ediblər.

Xanbağı məktəbinin şagirdlərindən Mustafa Məmmədov, Rəfi Axundov, Aytən Məmmədova, Nail Binnətov, Aysun Bəbirova da öz ürək sözlərini çatdıraraq muzey və qalereyadan xoş təəssüratla ayrıldıqlarını bildiriblər.

Xanbağı kənd tam orta məktəbin direktor müavini Emil Mustafayev, müəllimlərdən Aytac İsmayılova, Südabə Budaqova, Qaragöz İsmayılova rayon rəhbərliyinin tapşırığına əsasən təşkil olunmuş bu cür ekskursiyaları yüksək qiymətləndirdiklərini qeyd edərək rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz təşəkkürlərini çatdırıblar.

Onu da qeyd edək ki, bugünkü ekskursiyada Birinci Şıxlı kənd tam orta məktəbindən 115, Xanbağı kənd tam orta məktəbindən isə 40 nəfər şagird və onların müəllimləri iştirak edib.



GOYEZEN.AZ




Facebook-da paylaş