• Təqvim

  • Maraq



Məktəblilər ekskursiyada fəal iştirak edirlər

Məktəblilər ekskursiyada fəal iştirak edirlər


Hər gün qrafik əsasında təşkil olunmuş ekskursiyanın növbəti iştirakçıları Saqif Nəsirov adına Ürkməzli və Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəblərin şagirdləri olub. Fevral ayının 14-dən başlayaraq davam edən ekskursiyada orta məktəblərin VI - IX siniflərində təhsil alan şagirdlər və müəllimlər iştirak edib.

Ekskursiya zamanı iştirakçılara Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyası haqqında ətaflı məlumat verilib. Qədim tarixə malik olan Qazax rayonunun keçmişini, bu gününü özündə əks etdirən məlumatlar, qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Ekskursiya zamanı şagirdlərə muzeyin 1-ci mərtəbəsindəki guşələrdə əks olunmuş tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi haqqında geniş məlumat verilib. Qeyd edilən məlumatlarda Qazaxın zəngin faunaya, bitki örtüyünə və torpaq növlərinə malik olması çatdırılıb. Daha sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.

Ekskursiya ilə bağlı təəssüratlarını bölüşən Ürkməzli kənd tam orta məktəbin şagirdlərindən Afaq Qurbanova, Reyhan Vəliyeva, Aysel Vələdova, Toğrul İsmayılzadə, İlkin Osmanov, Vüsal Əliyev hər il təşkil edilən ekskursiyanın onlar üçün olduqca maraqlı olduğunu qeyd ediblər. Muzeydə şairlərimiz, yazıçılarımız, aşıqlarımız barədə dolğun məlumatlar əldə edən şagirdlər “Səməd Vurğun” adlı bölmədə Xalq şairinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına bəxş etdiyi əvəzolunmaz şeirləri haqqında olan məlumatlarla tanış olub, muzey və qalereyadan çox yüksək təəssüratlarla ayrıldıqlarını vurğulayıblar.

Dəmiçilər kənd tam orta məktəbin şagirdləri Aytac Kərimli, Vüsalə Mahmudova, Aysel Hüseynova, Ərgün Mansurlu, Süleyman Hadılı, Gülcan Məmmədova, Əhməd Hacırəhimov isə qalereyada nümayiş olunan rəsm əsərləri, əl işləri, xüsusilə də vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər barədə fikirlərini bölüşüblər. Muzey və qalereyadan xoş təəssüratlarla ayrılan məktəblilər bundan sonra tez-tez ekskursiya edəcəklərini qeyd ediblər.

Ürkməzli kənd tam orta məktəbin müəllimlərindən İradə Qurbanova, Cəvahir Bənnayeva, Ema Novruzova, Xatirə Əyyubova, Xavər Alırzayeva, Zeynəb Qurbanova, Suqra Məmmədova ekskursiya barədə fikirlərini bölüşərək şagirdlərin dərin biliklər əldə etməsi üçün muzeydə yaradılan bu yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər.

Dəmirçilər kənd tam orta məktəbin direktoru Elmira Abbasova, direktor müavini Gülnar Osmanova, müəllimlərdən Sevil Novruzova, Sədaqət Qədiməliyeva, Şərqiyyə Mansurova, Azadə Bəkirova isə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məktəblilərin dünyagörüşünün formalaşması istiqamətində təşkil olunmuş bu cür ekskursiyaları yüksək qiymətləndiriblər.

Onu da qeyd edək ki, bugünkü ekskursiyada Ürkməzli kənd tam orta məktəbindən 60, Dəmirçilər kənd tam orta məktəbindən isə 70 şagird və onların müəllimləri iştirak edib. Ümumiyyətlə, ekskursiya başlayandan bu günə kimi 2731 nəfər şagird iştirak edib.



GOYEZEN.AZ




Facebook-da paylaş