“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla həyata keçirilib
Layihənin məqsədi Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı tarixi rolunu, xüsusilə Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasındakı xidmətlərini gənclər arasında təbliğ etmək, eyni zamanda onların hüquqi savadlılıq səviyyəsini artırmaq olub. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırılıb. 5 fevral tarixində layihənin ilk seminarı Qazax Dövlət Sosial-İqtisadi Kollecdə təşkil olunub. “Konstitusiya və hüquqlarımız” mövzusuna həsr olunan seminar Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramovanın təqdimatında keçirilib. Seminar interaktiv formatda baş tutub, iştirakçılarla geniş müzakirələr aparılıb, hüquq və azadlıqların mahiyyəti barədə ətraflı məlumat verilib. 6 fevral tarixində layihənin ikinci seminarı BDU Qazax filialının tələbələri üçün təşkil olunub. “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda keçirilən seminarı filialın İctimai və təbiət fənləri kafedrasının müəllimləri İndira Vəliyeva və Ülviyyə Bayramova aparıblar. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyası, hüquqi islahatlar və qanunun aliliyi prinsipləri geniş şəkildə təhlil olunub. Tədbirdə universitetin Tələbələrlə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək bu kimi maarifləndirici layihələrin əhəmiyyətini vurğulayıb, təşəbbüsü yüksək qiymətləndirərək layihə rəhbərliyinə təşəkkürünü bildirib. 7 fevral tarixində layihənin sonuncu seminarı “Vətəndaş məsuliyyəti və hüquqi savadlılıq” mövzusunda keçirilib. Seminar Ülviyyə Bayramovanın təqdimatında baş tutub. Görüş zamanı vətəndaş məsuliyyətinin mahiyyəti, hüquqi biliklərin əhəmiyyəti və gənclərin cəmiyyət həyatındakı rolu ətraflı müzakirə olunub. Layihə çərçivəsində elan olunan “Gənclərin gözü ilə hüquqi irs” adlı esse müsabiqəsinin nəticələri də açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən BDU Qazax filialının Tarix ixtisasının III kurs tələbəsi Ümid Əhməyev I yerə, BDU Qazax filialının Tarix ixtisasının II kurs tələbəsi Sevin Ağayeva II yerə, BDU Qazax filialının Turizm və otelçilik ixtisasının III kurs tələbəsi Ələkbər Hüseynov isə III yerə layiq görüüblər. Mükafatlandırma mərasimində Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri, layihə rəhbəri Pəri İbrahimova qalibləri təbrik edib, onlara diplom və hədiyyələr təqdim edib. Qeyd edək ki, “İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi gənclər arasında hüquqi düşüncə tərzinin formalaşdırılmasına, dövlətçilik dəyərlərinin təbliğinə və vətəndaş məsuliyyətinin artırılmasına mühüm töhfə verib.
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibi olan “İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi 5-6-7 fevral tarixlərində uğurla həyata keçirilib.
















Facebook-da paylaş















