Qazax Dövlət Sosial-İqtisadi Kollecdə təhsil alan tələbələrlə maarifləndirici söhbət aparılıb
Dekabrın 3-də Tədbirlər Planına uyğun olaraq qeyd edilən mövzular ətrafında Qazax Dövlət Sosial-İqtisadi Kollecdə təhsil alan tələbələrlə maarifləndirici söhbət aparılıb. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Prokurorunun köməkçisi Aidə Nəzərli, Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi, polis kapitanı Murad Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin Qazax Rayon İdarəsinin məsul əməkdaşı Behbud Quluzadə, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional Bölməsinin məsləhətçisi Eşqin Allahverənov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Aybəniz Aşurovaiştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini tələbələrin diqqətinə çatdırmaq olduğunu qeyd edib. O, yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyevin dinə və dindarlara qayğısından bəhs edən natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Dini işlər üzrə komissiya tərəfindən dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlərin həyata keçirildiyini bildirib. K.Cəfərova məişət zorakılığı və onun qorunma yolları, psixoloji dəstək, auditoriyaya antisosial mühitdən qorunmağın psixoloji yolları barədə geniş məlumat verib. K.Cəfərova ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən danışıb. Qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik. K.Cəfərova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nın 6.1.8-2-ci bəndinə əsasən gənclərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumat verib. Bundan əlavə,gənclər arasında ailə dəyərlərinin təbliği, gənclər arasında sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları, erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması, gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi mövzularında da söhbət aparıb. Tədbirdə mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, Yerli monitorinq və əlaqələndirmə qrupunun, eləcə də Hüquq şöbəsinin 2025-ci il Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə”, “İntihar və onun qarşısının alınması” və digər antisosial mühitdən qorunma yollarına həsr edilmiş mövzularda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.
Qazax Rayon Prokurorunun köməkçisi Aidə Nəzərli çıxış edərək ölkəmizin öz müstəqilliyinə qovuşduqdan sonra dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atıldığını bildirib. Bu gün cəmiyyətimizdə narkomaniyanın bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Ona görə də bu problemlə mübarizənin qlobal xarakter daşıdığını, bu gün ölkəmizdə narkomaniyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət göstərildiyini vurğulayıb. Xüsusilə, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işlərinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. A.Nəzərli erkən nikah və onun fəsadları barədə məlumat verərək bu sahədə dövlət tərəfindən hüquqi baxımdan həyata keçirilən tədbirlərdən söz açıb.
Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi, polis kapitanı Murad Hüseynzadə mövzu haqqında geniş məruzə edib, narkotik vasitələrdən istifadənin əsas risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə, eləcə də sosial-iqtisadi inkişafa göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verib. Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən M.Hüseynzadə hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. Natiq narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyini, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Gələcəyimiz olan gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan və insan həyatına mənfi təsirindən söz açaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Natiq narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verib. Psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirlərini izah edib. O, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdən danışıb. Rəis müavini tələbələrə sağlam həyat tərzi sürmək üçün asudə vaxtlarını səmərəli keçirmələrini, idmanla məşğul olmalarını tövsiyə edib. Bunun üçün rayonda Qazax Olimpiya İdman Kompleksinin, idman məktəblərinin fəaliyyət göstərdiyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional Bölməsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyətinin dini etiqad, vicdan azadlığının təmin edilməsi olduğunu qeyd edib. E.Allahverənov Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyevin dinə və dindarlara qayğısından bəhs edən natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu söyləyib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Aybəniz Aşurova çıxış edərək erkən nikah və qohum evliliklərinin fəsadlarından söz açıb. A.Aşurova erkən nikah zamanı olan hamiləliyin ana ilə bərabər doğulacaq körpələrin də sağlamlığı və həyatı üçün risk törətdiyini vurğulayıb. Qohum evliliklərinin yaratdığı fəsadları diqqətə çatdıran həkim bu cür evliliklərin yolverilməz olduğunu bildirib. 


Facebook-da paylaş















