• Təqvim

  • Maraq



“Mən qorxuya qalib gəldim!” layihəsinin bağlanış mərasimi keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində qalib gəlmiş “Mən qorxuya qalib gəldim!” layihəsinin bağlanış mərasimi keçirilib. 

Tədbir Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə baş tutub.

Tədbirdə layihə rəhbəri Nailə Əfəndiyeva, layihənin eksperti Tahirə Xasməmmədova, təlimçi Şəlalə Məhərrəmova, məktəbin direktoru Şəbnəm Əliyeva, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Xatırladaq ki, layihə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllimi Nailə Əfəndiyeva tərəfindən icra olunub. Layihə çərçivəsində keçirilən təlimlərə 430 şagird, valideyn və müəllim cəlb olunub. Təlimlərlə yanaşı, şagirdlər bullinq əleyhinə fləşmoblar təşkil edib, rəsm və inşa müsabiqələrində iştirak ediblər.

Layihənin əsas məqsədi məktəblilər arasında bullinqin fəsadlarına diqqət çəkmək, şagirdlərdə həmrəylik və empatiya hisslərini gücləndirmək, məktəb mühitində zorakılığa qarşı ictimai həssaslıq yaratmaqdır. 

Layihə rəhbəri Nailə Əfəndiyeva çıxış edərək bildirib ki, “Bu kimi tədbirlər uşaqların emosional və sosial inkişafı baxımından olduqca vacibdir. Təlimlər nəticəsində şagirdlər arasında dostluq münasibətləri möhkəmlənib, empatiya bacarıqları güclənib və bullinq halları nəzərəçarpacaq dərəcədə azalıb”.

Layihənin eksperti Tahirə Xasməmmədova isə çıxışında vurğulayıb ki, “Şagirdlərin bu prosesə könüllü və motivasiyalı şəkildə qoşulması layihənin effektivliyini artırıb. Bu, məktəblilərdə məsuliyyət və sosial dəyərlərin formalaşmasına böyük töhfə verib”.

Məktəb direktoru Şəbnəm Əliyeva tədbirin əhəmiyyətini ifadə edərək söyləyib ki, “Belə layihələrin məktəb həyatında yer alması tərbiyəvi və psixoloji baxımdan olduqca əhəmiyyətlidir. Şagirdlər bullinqin nə olduğunu və ona qarşı necə davranmalı olduqlarını daha yaxşı anlamağa başlayıblar”.

Valideynlər də tədbir zamanı layihənin təşkilatçılarına təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin davamlı olmasını arzulayıblar. 

Bağlanış tədbirindən sonra layihədə fəallıqları ilə seçilən şagirdlər və layihənin işçi qrupu açıq havada istirahət edərək həm dincəliblər, həm də layihə haqqında təəssüratlarını bölüşüblər. Bu görüş uşaqlarda həm sosial bağların möhkəmlənməsinə, həm də layihənin müsbət təsirini dəyərləndirməyə şərait yaradıb.



Facebook-da paylaş