Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazaxda daha bir məktəb üçün yeni bina inşa olunur
Hər kəsə yaxşı məlumdur ki, Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə böyük diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” layihələrini həyata keçirməsi isə bu sahəyə olan qayğının daha bir bariz nümunəsidir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Sevindirici haldır ki, bu layihələrin icrası təkcə paytaxtla kifayətlənmir, respublikamızın bütün bölgələrini əhatə edir. Son illər Qazaxda da yeni məktəb binalarının inşası, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurulması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi sahəsində məqsədyönlü işlər görülür. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani sübutu "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır.
Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi də Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdəndir. Artıq Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.
İş icraçısı Elnur Verdiyevin sözlərinə görə yanvar ayından tikintisinə başlanılan 2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da inşa ediləcək.
Görülən işlər haqda məlumat verən iş icraçısı qeyd edib ki, zirzəmidə suvaq işləri yekunlaşmaq üzrədir. Eyni zamanda birinci mərtəbənin hörgü işləri başa çatıb. Hazırda beton tökmək üçün alt hissənin hazırlıq işləri tamamlanır. Bundan əlavə, idman zalında da hörgü işləri davam edir.
Məktəbin müəllim-şagird kollektivi, valideynlər və kənd sakinləri əsası 1967-ci ildən qoyulan kənd məktəbi üçün yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edirlər.
Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində aparılan yenidənqurma işləri isə yekunlaşmaq üzrədir.
GOYEZEN.AZ
Facebook-da paylaş