• Təqvim

  • Maraq



Qazaxda “Aprel Qəhrəmanları” mövzusunda dəyirmi masa keçirilib


Aprelin 4-də Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə “Aprel Qəhrəmanları” mövzusunda dəyirmi masa keçirilib.

Kollecdə keçirilən tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Aprel və 44 günlük Vətən müharibəsinin iştirakçısı, 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz Regional nümayəndəliyinin əməkdaşları, Kollecin müəllim və tələbələri iştirak ediblər. 

Tədbirdən öncə Aprel şəhidləri Fərəhli kəndinin igid oğlu kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndinin igid oğlu baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndinin igid oğlu əsgər Əliyev Orxan Məhəmməd oğlunun qəbirüstü abidələri ziyarət edilib, gül-çiçək dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş etdirilib.



Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.


Aprel və 44 günlük Vətən müharibəsinin iştirakçısı, 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. S.Çobanov Aprel döyüşlərinin iştirakçısı kimi həmin günləri bu gün də kino lenti kimi gözləri önündən keçirdiyini, aprelin 1-i Ermənistan ordusunun itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdiyini, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutduğunu söyləyib. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmənin məqsədinə nail ola bilmədiyini qeyd edib.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planının da baş tutmadığını, əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələrinin bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldığını vurğulayıb. S.Çobanov Aprel döyüşlərində şanlı ordumuzun əsgər və zabitlərinin Müzəffər Ali Baş Komandan İlham Əiyevin ətrafında yumruq tək birləşdiyini, torpaqlarımızı azad etmək üçün ölümün gözünə dik baxdıqlarını söyləyib. 44 günlük Vətən müharibəsinin ilk qığılcımlarının məhz Aprel döyüşlərində alovlandığını, döyüşçülərimizin Qələbə əzminin bizi haqq savaşımıza gətirdiyini və sonda Qələbənin bizim olduğunu bildirib. Aprel döyüşlərində olan ruh yüksəkliyinin 2020-ci ilin Tovuz hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin sentyabr hadisələrində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da hiss olunduğunu, ən əsası da yola çıxdığımız bütün savaşlarda Aprel şəhidlərinin, eləcə də Vətən yolunda canlarını fəda edən bütün şəhidlərimizin qisaslarının alındığını vurğulayıb. Bu gün Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması ilə şəhidlərimizin ruhlarının şad olduğunu söyləyib. Aprel döyüşlərinin bizim şanlı tariximiz olduğunu qeyd edən natiq nə həmin döyüşün, nə də döyüş zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Bu cür tədbirlər keçirildikcə, şəhidlərimiz yad olunduqca qəhrəman Vətən övladlarının daim qəlblərdə yaşayacaqlarını söyləyib. Bu yolda gələcək nəsillərin üzərinə böyük məsuliyyət düşdüyünü, şəhdlərimizi tanımaq və tanıtdırmaq amalı uğrunda çalışmalarını tövsiyə edib.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tarixi Zəfərə aparan yolda mühüm addımlardan hesab edilən və erməni işğalındakı əzəli torpaqlarımızın bir hissəsinin azad olunması ilə nəticələnən Aprel döyüşlərindən 8 il ötməsinə baxmayaraq xalqımızın həmin döyüşləri bu gün də qürurla xatırladığını vurğulayıb. 2016-cı ilin Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə davamlı güclənən Azərbaycan Silahlı Qüvvələrinin əsl gücünü nümayiş etdirdiyini, həmin döyüşlərdə Azərbaycan əsgərinin misilsiz şücaət göstərdiyini və qəhrəman qardaşlarımızın şəhid olduğu bu döyüşlərin hər birimizə qalibiyyət sevinci yaşatdığını qeyd edib. Aprel döyüşlərində necə bütün dünyanın xalq-ordu-Prezident birliyinin sarsılmaz olduğunu görmüşdüsə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də bunun bir daha şahidi olduğunu bildirib. Məhz bu birlik sayəsində düşməni istənilən zaman torpaqlarımızdan qovmağın mümkünlüyünü göstərdiyimizi və bundan sonra da bunun belə olacağını diqqətə çatdırıb. 


Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Elmar Rzalı, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova, Aprel döyüşlərinin iştirakçısı Məhərrəm Dəlləkov, Bakı Dövlət Universitetinin Qazax filialının 2-ci kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Qılınc Cəfərov mövzu ilə bağlı geniş çıxış ediblər. Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, xalqımızın birliyini və torpaqlarımızın qaytarılması ilə bağlı qətiyyətimizi ən yüksək səviyyədə göstərərək İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərin başlanğıcı olduğunu vurğulayıblar.




Facebook-da paylaş