Qazaxda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə psixoloji yardım göstərilib
Mayın 22-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, "Briut” Tibb Mərkəzinin və "Egis” əczaçılıq zavodunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə həkim psixoterapevtlər tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə psixoloji yardım göstərilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova qonaqları qarşılayaraq rayon rəhbərliyinin adından salamlayıb, şəhid ailələrinə göstərilən dəstəyə görə minnətdarlığını və razılığını bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, "Briut” Tibb Mərkəzinin rəhbəri, ali dərəcəli həkim-psixiatr Zeynəbxanım Səmədova, Mərkəzin mütəxəssisləri – klinik psixoloq Təhmasib Cavadzadə, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan tibb xidməti pokovnik-leytenantı, həkim-psixiatr Nazim Xudiyev, həkim-psixiatr Gülçin Əliyeva, "Egis” əczaçılıq zavodunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Lalə Qədirova şəhid ailələrinin evlərində olublar. Şəhidlərin ailə üzvləri "Briut” Tibb Mərkəzinin mütəxəssisləri tərəfindən müayinə olunaraq onlara tibbi-psixoloji məsləhətlər və tövsiyələr verilib.
Şəhid ailələri ilə səmimi söhbət aparan qonaqlar Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar və borclu olduğumuzu bildiriblər. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini diqqətə çatdırıblar.
Qazaxdan xoş təəssüratla ayrılan layihə iştirakçıları qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunmasına, şəhid ailələrinə göstərilən qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, "Briut” Tibb Mərkəzinin bu həkim heyəti dəfələrlə müxtəlif regionlarda qeyd olunan farmakoloji şirkətlə birgə xeyriyyə işlərini davam edirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş