Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər kəsin vətəndaşlıq borcudur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- "VƏTƏN”
bu müqəddəs söz hər
birimiz üçün əzizdir, doğmadır. Çünki Vətən anadır. Hamının
ayrı-ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu Vətəndir.Biz bu həyatda necəki,
Allaha və valideynlərimizə
borcluyuq, həmçinin Vətənə
də borcumuz var. O borcu
qaytarmaq üçün hər birimiz Vətən qarşısında müsəlləh əsgərlərik. Özümüzü dərk
etdiyimiz andan etibarən doğma vətənimiz olan Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın
qorunması yolunda şəhidlik adlı zirvəni fəth etməyi gözə almalıyıq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından,
qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin
ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı Vətən uğrunda həlak
olan şəhidlərini, öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat
yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə
ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq
borcudur. Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan
qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan
rayonun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,Yuxarı Əskipara və Aşağı Əskipara kimi
7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm,
Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim
düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması
bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn
qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial
önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən
keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən
tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi
olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır,
onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda
tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da
artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə
Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz
açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha
onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və
anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq
onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu
həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan
şəhidlərimizdən – Qəhrəman Rəhimovun, Aslan Məmmədovun,
Şahin Süleymanovun, Pəhlivan Abbasovun, Elşən Cəfərovun, Şəmil Yunisovun, Məhəmməd
Vəliyevin, Araz Məmmədovun, Vüsalə Nuruyevanın, Qaratel Hacımahmudovanın, Mərdan Əsgərovun, Dadaş İsmayılovun, Şərif Namazovun, Əşrəf Axundovun, Ruhiyyə
Bənnayevanın əziz
xatirəsini yad edirik. Rəhimov Qəhrəman Nuru oğlu
Rəhimov Qəhrəman Nuru oğlu 6
iyun 1971-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1978-ci ildə
Məzəm kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuşdur. 1988-ci ildə Alpout
kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Rəhimov Qəhrəman
Nuru oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfin açdığı atəş
nəticəsində şəhid olmuşdur. Subay idi. Məmmədov Aslan Dursun oğlu
Məmmədov Aslan Dursun oğlu 2
avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə
Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə
Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Məmmədov
Aslan Dursun oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmənin açdığı
atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Süleymanov Şahin Novruz oğlu
Süleymanov Şahin Novruz oğlu 9
avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə
Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə Alpout
kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Süleymanov
Şahin Novruz oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən
açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Abbasov Pəhlivan İsə oğlu
Abbasov Pəhlivan İsə oğlu 2
oktyabr 1961-ci ildə Məzəm kəndində anadan olmuşdur. 1968-ci ildə Məzəm kənd
ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1978-ci ildə Aşağı Əskipara
kənd tam orta məktəbini bitirmiş və sovet ordusu sıralarına çağırılmışdır.
Abbasov Pəhlivan İsə oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən
açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 3 övladı var. Cəfərov Elşən İdris oğlu
Cəfərov
Elşən İdris oğlu 8 fevral 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1977-ci il ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1988-ci ildə həmin orta məktəbi bitirmişdir. 1989-1991-ci illərdə
SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Cəfərov Elşən İdris oğlu 8
iyun 1992-ci ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid
olmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Çaylı kənd 2 nömrəli tam orta
məktəbə və bir bulağa şəhid Elşən Cəfərovun adı verilmişdir. Yunisov Şəmil Talıb oğlu
Yunisov Şəmil Talıb oğlu 17
oktyabr 1972-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 9
iyun 1992-ci ildə Cəfərli kəndi ərazisində Qaraçal yüksəkliyində gedən döyüşdə
şəhid olmuşdur. Vəliyev Məhəmməd İbrahim oğlu
Vəliyev Məhəmməd İbrahim oğlu
10 iyun 1969-cu ildə Qazax rayonunun Əlibayramlı (hazırkı Aslanbəyli) kəndində
anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd tam orta
məktəbin birinci sinfinə getmiş və 1986-cı ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci
ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu
sıralarına çağırılmışdır. 28 avqust
1992-ci ildə N saylı hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid
olmuşdur. Məmmədov Araz Misir oğlu
Məmmədov Araz Misir oğlu 15
sentyabr 1980-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1987-ci
ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1998-ci ildə
məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərxis olunduqdan
sonra Məzəm kəndinə qayıtmışdır. 12 iyun 2001-ci ildə Məzəm kəndinin ərazisində
Coğazçay su anbarında balıq tutarkən erməni silahlı qüvvələri tərəfindən açılan
atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Nuruyeva Vüsalə Nuru qızı
Nuruyeva Vüsalə Nuru qızı 9
dekabr 1981-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 13
iyun 1992-ci ildə Xanlıqlar kəndində ermənilərin atdığı top mərmisinin qəlpəsindən
şəhid olmuşdur. Hacımahmudova Qaratel Şəmi qızı
Hacımahmudova Qaratel Şəmsi
qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci
ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1965-ci
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Bakı şəhərində Ticarət
Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə
Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə
iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən
döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan
Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif
olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını
daşıyır. Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən
bulaq tikilib. Əsgərov Mərdan Məhəmmədəli oğlu
Əsgərov
Mərdan Məhəmmədəli oğlu 22 iyun 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci
ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə şəhid
olmuşdur. Ölümündən sonra "Hərbi xidmətə görə” medalı ilə təltif olunmuşdur. İsmayılov Dadaş İsmayıl oğlu
İsmayılov Dadaş İsmayıl oğlu
17 may 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü
ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına getmişdir. Ordudan tərxis
olunduqdan sonra M.Ə.Sabir adına sovxozda çalışmışdır. İsmayılov Dadaş İsmayıl
oğlu 14 iyun 1992-ci ildə Kommuna (indiki Bala Çaylı) kəndində ermənilər tərəfindən
atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəliydi, 2 övladı var. Namazov Şərif Yolçu oğlu
Namazov Şərif Yolçu oğlu 18
sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin birinci sinfinə daxil olmuş,
daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur. 1965-ci ildə orta
məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis
olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni
silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur.
Ailəliydi. 2 övladı var. Axundov Əşrəf Bəhram oğlu
Axundov
Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax rayonunun Bala Çaylı kəndində
anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin səkkizinci
sinfini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin
onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi
xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi Komissarlığında gizir vəzifəsində
çalışmışdır. Döyüşlərə könüllü getmiş və komandir vəzifəsində çalışmışdır.
Axundov Əşrəf Bəhram oğlu 14 iyun 1994-cü ildə şəhid olmuşdur. Bənnayeva Ruhiyyə Mustafa qızı
Bənnayeva
Ruhiyyə Mustafa qızı 14 yanvar 1977-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur.
1984-cü ildə Kommuna (indiki Bala Çaylı) kənd 8 illik məktəbin birinci sinfinə
daxil olmuşdur. 14 iyun 1992-ci ildə ermənilərin Kommuna kəndini atəşə tutması
nəticəsində evlərinə düşən qrat mərmisindən şəhid olmuşdur.
Facebook-da paylaş