Mənfur düşməni qəlbimizdəki Vətən sevgisinin atəşi ilə məhv edəcəyik
Hər birimizin qəlbində müqəddəs
bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə
hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir insan yurduna sadiq və layiq vətəndaş
olmağı üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Mənfur düşmənləri isə qəlbimizdəki Vətən
sevgisinin, Vətən məhəbbətinin atəşi ilə məhv etməliyik və edəcəyik də... Torpaqlarımızı
azad etmək üçün, analarımızın gözündən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq və qalxayacağıq da... Bəli,
azadlığımızı canı ilə qazanıb qanı ilə yazanları, Vətən, azadlıq yolunda
canından keçənləri yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq üçün hər
birimiz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq. Bu işdə
mən, sən, o deyil, biz məhfumu hər zaman olmalıdır. Biz özümüz özümüzü,
dünənimizi, bu günümüzü bütün dünyaya tanıtmalıyıq. Bu tanıtma işinin
içərisində ən müqəddəs vəzifəmiz isə şəhidlərimizi unutmamaq, gələcək nəsillərə
onların qəhrəmanlığını çatdırmaqdır. Bu gün düşmənlə
168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda
igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Bu gün
rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rafiq Alıcanovun, Vüqar Vəliyevin, İslam Nəsibovun, Akif Bəbirovun, Azad
Mikayılovun, Vüqar Bənnayevin əziz xatirələrini yad edirik. Alıcanov Rafiq Cəfər oğlu Alıcanov
Rafiq Cəfər oğlu 11
iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır.
Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali
Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın
Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o,
Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə
Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy,
Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir.
Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli
bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad
olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli
rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb. Azərbaycan
Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə
kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa
rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və
Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır. Vəliyev Vüqar Eyyub oğlu
Vəliyev
Vüqar Eyyub oğlu 5 noyabr 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan
olmuşdur. 1982-1992 illərdə Ağköynək kənd tam orta məktəbində təhsil almışdır.
Vəliyev Vüqar Eyyub oğlu 1993-cü ildə hərbi xidmətə getmişdir. 703 saylı hərbi
hissədə xidmətə başlamışdır. Xidməti zamanı Murovdağ, "Qlobus” yüksəkliyi və Tərtər
bölgələrinin erməni işğalçılarından müdafiə olunmasında döyüş yolları keçərək
müqavimətlər göstərmişdir. 1994-cü il iyun ayının 6-da Çaylı kəndində kəşfiyyatda
olduğu zaman düşmən tərəfindən mühasirəyə düşmüş, son damla qanına qədər
döyüşmüş və şəhid olmuşdur. Nəsibov İslam Yusif oğlu
Nəsibov
İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci
sinfinə getmişdir. 1974-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 noyabr 1991-ci ildə şəhid olmuşdur. Bəbirov Akif Ələddin oğlu
Bəbirov Akif Ələddin oğlu 5
noyabr 1974-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1981-ci
ildə Kəmərli kənd Xanbağı orta məktəbində birinci sinfə daxil olmuşdur. 1992-ci
ildə məktəbi bitirib hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1993-cü ildə Ağdərədə
gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 19 iyul 1993-cü il tarixli 389 saylı qərarı ilə Xanbağı kənd tam
orta məktəb şəhid Akif Bəbirovun adını daşıyır.
Mikayılov Azad Tanrıverdi oğlu
Mikayılov
Azad Tanrıverdi oğlu 12 aprel 1965-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. 1972-ci ildə Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1983-1985-ci
illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1985-1990-cı illərdə
Qazax Sənaye Kombinatında qaynaqçı kimi əmək fəaliyyətinə başlamışdır. 1990-cı
ildən Qazax rayon Polis şöbəsində Polis nəfəri işləmişdir. 6 noyabr 1991-ci ildə
Qazax rayonunun Xeyrımlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay
idi. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif
olunmuşdur. Bu gün Xanlıqlar kənd ümumi orta məktəb şəhid Azad Mikayılovun
adını daşıyır. Bənnayev Vüqar Sabir oğlu
Bənnayev
Vüqar Sabir oğlu 21 avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur.
1986-cı ildə Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur.
Həmin il kursu bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr
2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə
borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində
şəhid olmuşdur.Şəhidlərimizi tanıyaq və tanıdaq-----------
Facebook-da paylaş