Əsas Səhifə > Şəhidlər > Mənfur düşməni qəlbimizdəki Vətən sevgisinin atəşi ilə məhv edəcəyik

Mənfur düşməni qəlbimizdəki Vətən sevgisinin atəşi ilə məhv edəcəyik


10-11-2019, 10:57

Şəhidlərimizi tanıyaq və tanıdaq-----------  


Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Mənfur düşmənləri isə qəlbimizdəki Vətən sevgisinin, Vətən məhəbbətinin atəşi ilə məhv etməliyik və edəcəyik də... Torpaqlarımızı azad etmək üçün, analarımızın gözündən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq və qalxayacağıq da... Bəli, azadlığımızı canı ilə qazanıb qanı ilə yazanları, Vətən, azadlıq yolunda canından keçənləri yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq üçün hər birimiz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq. Bu işdə mən, sən, o deyil, biz məhfumu hər zaman olmalıdır. Biz özümüz özümüzü, dünənimizi, bu günümüzü bütün dünyaya tanıtmalıyıq. Bu tanıtma işinin içərisində ən müqəddəs vəzifəmiz isə şəhidlərimizi unutmamaq, gələcək nəsillərə onların qəhrəmanlığını çatdırmaqdır.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rafiq Alıcanovun, Vüqar Vəliyevin, İslam Nəsibovun, Akif Bəbirovun, Azad Mikayılovun, Vüqar Bənnayevin əziz xatirələrini yad edirik.

Alıcanov Rafiq Cəfər oğlu

 

Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Vəliyev Vüqar Eyyub oğlu

 

Vəliyev Vüqar Eyyub oğlu 5 noyabr 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-1992 illərdə Ağköynək kənd tam orta məktəbində təhsil almışdır. Vəliyev Vüqar Eyyub oğlu 1993-cü ildə hərbi xidmətə getmişdir. 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidməti zamanı Murovdağ, "Qlobus” yüksəkliyi və Tərtər bölgələrinin erməni işğalçılarından müdafiə olunmasında döyüş yolları keçərək müqavimətlər göstərmişdir. 1994-cü il iyun ayının 6-da Çaylı kəndində kəşfiyyatda olduğu zaman düşmən tərəfindən mühasirəyə düşmüş, son damla qanına qədər döyüşmüş və şəhid olmuşdur.

Nəsibov İslam Yusif oğlu


Nəsibov İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1974-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir.  5 noyabr 1991-ci ildə şəhid olmuşdur.

Bəbirov Akif Ələddin oğlu

 

Bəbirov Akif Ələddin oğlu 5 noyabr 1974-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1981-ci ildə Kəmərli kənd Xanbağı orta məktəbində birinci sinfə daxil olmuşdur. 1992-ci ildə məktəbi bitirib hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 1993-cü il tarixli 389 saylı qərarı ilə Xanbağı kənd tam orta məktəb şəhid Akif Bəbirovun adını daşıyır.

Mikayılov Azad Tanrıverdi oğlu


Mikayılov Azad Tanrıverdi oğlu 12 aprel 1965-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1972-ci ildə Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1983-1985-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1985-1990-cı illərdə Qazax Sənaye Kombinatında qaynaqçı kimi əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildən Qazax rayon Polis şöbəsində Polis nəfəri işləmişdir. 6 noyabr 1991-ci ildə Qazax rayonunun Xeyrımlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Bu gün Xanlıqlar kənd ümumi orta məktəb şəhid Azad Mikayılovun adını daşıyır.

Bənnayev Vüqar Sabir oğlu

 

Bənnayev Vüqar Sabir oğlu 21 avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1986-cı ildə Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur. Həmin il kursu bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr 2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhid olmuşdur.


Geri qayıt