• Təqvim

  • Maraq



Bu gün qazaxlıların fəxri, millət vəkili Səməd Seyidovun 60 yaşı tamam olur


Qərbin qapısı kimi tanınan Qazax nəinki sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb, eyni zamanda, bu yurd yetirdiyi tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri, dövlətinə, xalqına, yurduna cani könüldən bağlı olan, doğma Vətəni üçün əlindən gələni əsirgəməyən oğulları ilə də səs salıb hər yana. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda sayılıb-seçilən ziyalılarımız çoxdur. 

Seyidov Səməd İsmayıl oğlu! Bu ad hər birimizə, doğma qazaxlılarımıza çox əzizdir. Çünki Səməd müəllim bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, hər zaman xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına, doğma qazaxlılarına, elinə-obasına xidməti özünün həyat amalına çevirən dəyərli ziyalılarımızdandır. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov sadalamadıqlarımız digər müsbət keyfiyyətlərinə görə də hər zaman öndə olub. 

Bəli, Səməd Seyidov o ziyalılarımızdandır ki, Vətənini, xalqını, millətini, doğma el-obasını layiqincə təmsil etməyi, ölkəsi uğrunda mübarizə aparmağı özünün həyat amalı, iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi bütün beynəlxalq tədbirlərdə, keçirilən görüşlərdə qılıncdan iti olan dəyərli sözləri, çıxışları ilə ölkəmizin ünvanına böhtan atan dövlətlərin, mənfur düşmənimiz olan ermənilərin layiqli cavabını verir, onlara yerlərini göstərərək kim olduqlarını bir daha sübut edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində qalib olan Azərbaycanın haqq səsini beynəlxalq kürsülərdə bütün dünyaya daha gur səslə çatdırmaq üçün gecə-gündüz bilmədən çalışır, bu sahədə uğurlara imza atır. 

Bu gün, yanvarın 18-i dəyərli ziyalımızın 60 yaşı tamam olur. Bu gün Səməd müəllim doğum gününü müstəqil, suveren, ən əsası da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Qələbə qazandığı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı doğma Xankəndiyə qovuşan qalib ölkənin vətəndaşı olaraq qeyd edir.

Respublika Prezidenti İlham Əliyevin 17 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Ölkə başçısının müvafiq tarixli Sərəncamı millət vəkilinin fəaliyyətinə, əməyinə verilən yüksək qiymət, eyni zamanda, doğum gününə böyük töhfədir. 

Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi, yazarlarımızı, ziyalılarımızı daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb dəyərli ziyalımızı təbrik etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov millət vəkili, professor Səməd Seyidovu doğum günü, 60 illik yubileyi münasibətilə Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Ürəyi Qazaxla döyünən, hər zaman qazaxlıların, şəhid ailələrinin, qazilərimizin, qayğıya ehtiyacı olan insanların yanında olan millət vəkilinə müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona uğurlar arzulayıb.

Səməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981-1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 

1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.

1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir.

1998-2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir.

1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur.

Fəaliyyətinə gəlincə 1994-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.

2000-ci ildən 2015-ci ilədək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləmişdir. Rektor olduğu dövrdə müxtəlif Avropa, Amerika, Asiya ölkələrinin mərkəzlərini Azərbaycan Dillər Universitetində təsis etmiş, tələbələrin həmin ölkələrin mədəniyyəti, dili, təhsili ilə yaxından tanış olmaları üçün şərait yaratmışdır. Səməd Seyidov həmçinin müxtəlif ölkələrin öndəgedən universitetləri ilə tələbə mübadiləsi proqramını da uğurla həyata keçirmişdir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2000-ci ildən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Səməd Seyidov ABŞ konqresmenləri və senatorları, həmçinin dövlət nümayəndələri ilə müntəzəm olaraq əlaqə yaratmaqla, həm xaricdə, həm də Azərbaycanda görüşlər keçirdərək Azərbaycan haqqında, ölkəmizin problemləri və nəaliyyətləri haqqında, aparılan uğurlu islahatlar haqqında onlarda fikir formalaşdırmağa nail olmuşdur.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, 2003-cü ildən isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin həyata keçirdiyi uğurlu fəaliyyəti layiqincə davam etdirmişdir. Avropada Azərbaycanın maraqlarını, bizə dost və qardaş olan ölkələrin maraqlarını ən yüksək şəkildə müdafiə etdiyini öz çıxış və bəyanatlarında, beynəlxalq aləmdəki fəaliyyəti ilə dəfələrlə sübut etmişdir.

2003-2005, 2007-2009, 2011-2013, 2018-2020-ci illərdə Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büronun üzvü olmuşdur. 

Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür. 2016-cı ildən ilk Siyasi Psixologiya Mərkəzi İctimai Birliyinin təsisçisi və yaradıcısıdır. 

Təltif və mükafatlarına nəzər salsaq dəyərli ziyalımızın xalqımız, dövlətimiz üçün gördüyü işləri aydın şəkildə görmək olar. 

2011-ci ildə Azərbaycanla Fransa arasında əlaqələrin inkişafındakı müastəsna roluna görə Fransanın “Fəxri legionun kavaleri” rütbəsi ilə təltif edilmişdir.

2014-cü ildə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etmişdir.

2014-cü ildə Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunmuşdur. 2018-ci ildə “Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı”, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı, eləcə də bir sıra medallarla təltif edilmişdir.

Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir. Evlidir, 2 övladı var.

GOYEZEN.AZ



Facebook-da paylaş