• Təqvim

  • Maraq



Bu gün qürurla söyləyə bilərik ki, 10 noyabr tarixli Bəyanatla Ermənistan öz məğlubiyyətini qəbul etdi


2020-ci il Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olundu. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. Uzun ayrılıqdan, 28 illik həsrətdən sonra 8 noyabrda Qarabağın baş tacı sayılan Şuşa düşmən tapdağından azad edildi. 8 Noyabr – Zəfər Günü kimi yaddaşlara qızıl hərflərlə yazıldı. 

İşğala son qoyan o tarixi günü xalqımız bu gün də qürurla xatırlayır. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu.

Bu gün fəxrlə deyə bilərik ki, Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Azərbaycan xalqının birliyi və siyasi həmrəyliyi nəticəsində dövlətimiz yeni tarix yazdı. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir.

Bu gün qürurverici olan odur ki, Azərbaycan xalqı artıq tarixdə qalib xalq kimi qeyd olunacaqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Regionda yaranmış yeni reallıq isə odur ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. 

Qazandığımız ən böyük nailiyyət odur ki, itirilmiş ərazilər tamamilə qaytarıldı. Münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Hər kəsə yaxşı məlumdur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

Yeni hərbi strategiyalar həyata keçirilməkdədir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.

Bu gün dünya dövlətləri bütün hədəflərə nail olmuş Azərbaycan Ordusunun uğurlarını görür. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi.         

Azərbaycan-Türkiyə tandemi hər kəsə yaxşı məlumdur. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir.

Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilənin əhəmiyyəti olduqca böyükdür. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.

Tarixi missiyaya gəlincə regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

Azərbaycanın maraqlarına cavab verən nəticə isə odur ki, imzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı.

Dillərə dastan olan 44 günlük Vətən müharibəsində rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlara gəlincə bunları qeyd edə bilərik. Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı. Həmçinin, Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması hər kəsə qürur dolu anlar yaşatdı. Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması tarixi hadisədir. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması önəmli amildir. Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması xalqımızın və dövlətimizin böyük uğurudur. Tarixi hadisələrdən biri də odur ki, 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. 

Bu gün doğma Qarabağımızda, Şuşada, Xankəndidə üçrəngli bayrağımız dalğalanır. Xalqımız qürur dolu anlar yaşayırsa, buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Azərbaycan Ordusuna, hərbçilərimizə minnətdardır. Ən əsası da qan tökülərək qazanılan tarixi Qələbə illər keçsə də hər zaman qürurla xatırlanacaq, şanlı salnamə kimi gələcək nəsillərə ötürüləcəkdir. 

GOYEZEN.AZ



Facebook-da paylaş