Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu mövzusunda videokonfrans formatında tədbir keçirilib
Avqustun 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə, respublikanın şəhər və rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalarının sədrlərinin iştirakı ilə "Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasında narkotik vasitələrə və psixotrop maddələrə nəzarət üzrə institusional sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunub. Bununla yanaşı, şəhər və rayon komissiyaları tərəfindən bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin səmərəliliyinin daha da artırılmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı şəhər və rayon komissiyaları tərəfindən görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Yevlax, Xaçmaz şəhər və rayon komissiyalarının sədrləri məruzə ilə çıxış edərək, Dövlət Komissiyasının sədrinə hesabat veriblər.
Görüşün yekunu olaraq, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarətin artırılması, narkomanlığa qarşı mübarizədə koordinasiya işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin nəticəsinin təhlil edilərək qiymətləndirilməsi və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin aparılması, təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın mütəmadi xarakter daşıması və Dövlət Komissiyasının İşçi Qrupu ilə qarşılıqlı birgə fəaliyyətin təmin edilməsinə dair müvafiq tapşırıqlar verilib.
Məlumat üçün qeyd edək ki, onlayn şəkildə təşkil olunmuş videokonfransda Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Məmməd Alıyev iştirak edib.
nmdk.gov.az
Facebook-da paylaş