• Təqvim

  • Maraq



Qarşımızda mühüm vəzifələr durur

Qarşımızda mühüm vəzifələr durur
Bu gün Qazax rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda keçirilən respublika müşavirəsi ilə əlaqədar olaraq tədbir keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin Saatlı rayonunda keçirdiyi müşavirədə söylədiyi nitq bizim üçün bir proqramdır. Bu müşavirədən irəli gələn vəzifələr hər birimiz üçün mühüm fəaliyyət proqramı olmalı və biz bütün işlərimizi bunun əsasında qurmalıyıq.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bildirib ki, son aylar Qazax rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülübdür. Lakin görüləcək işlər də çoxdur.

Rayonun infrastrukturu tamamilə özü də əsaslı şəkildə yenidən qurulur. Elektrik enerjisi ilə təminat yüksək səviyyədədir. Prezident İlham Əliyevin iştirakı ilə Daş Salahlı kəndində istifadəyə verilən yarımstansiyanın bu sahədə rolu böyükdür. Bu gün həm əhali, həm də bütün təsərrüfatları fasiləsiz elektrik enerjisi ilə tam təmin olunur.

Eyni zamanda, rayonumuz 100 faiz qazlaşdırılıb və onun təminatında da heç bir problem yoxdur.

Rayonun demək olar ki, bütün kənd yolları əsaslı təmir edilir, tikilir. Ötən il möhtərəm cənab Prezident İlham Əliyevin iştirakı ilə Qazax-Kosalar avtomobil yolu istifadəyə verilmişdir. Hazırda Çaylı kəndinə asfalt yol çəkilir və bu iş başa çatmaq üzrədir. Bu il daha bir neçə kəndə asfalt yollar çəkilib əhalinin istifadəsinə veriləcəkdir.

Sosial obyektlərin tikintisi uğurla gedir. Mərkəzi xəstəxananın inşası böyük sürətlə aparılır. Uşaq bağçasının tikintisi isə yaxın aylarda başa çatdırılacaqdır. Tikinti-quruculuq işləri bütün sahələrdə aparılır. Bir sözlə, rayonumuzun hərtərəfli inkişafı Dövlət Proqramı əsasında uğurla gedir.

Biz qarşımıza böyük hədəflər qoymuşuq. Onlara çatmaq üçün ilkin olan işləri həyata keçirmişik və bu sahədə işlərimiz artan sürətlə davam edir.

Bunun üçün bütün qüvvələrimizi səfərbərliyə almışıq və mövcud imkanlardan səmərəli istifadə edərək qarşımıza qoyulan vəzifələri yerinə yetiririk.
Başladığımız işlərin gedişatı belə deməyə əsas verir ki, biz düz yoldayıq və qarşıya qoyduğumuz hədəflərə yaxın vaxtlarda çatacağıq.

Gördüyümüz əsas işlərdən biri rayonda idarəçəlik sisteminin kökündən dəyişməsidir. İndiyə qədər məmurlarla xalq arasında boşluq var idi və bu da rayonda işlərin normal qaydada getməsinə maneçilik törədirdi.

Biz bütün bu neqativ halları aradan qaldırdıq. Bu gün hər bir rayon sakini qəbul günlərində, eləcə də digər günlərdə rayon rəhbərliyinin, aparatın digər məsul işçilərinin qəbulunda ola və öz sözünü deyə bilir. Bir sözlə, bu gün birmənalı şəkildə deyə bilərəm ki, Qazaxda vətəndaş amili ön plana çəkilib.

Eyni zamanda, rayonda şəffaflığın yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etməsi üçün bu sahələrdə münbit şərait yaradılıb. Bu məsələlər ilk gündən bir vəzifə olaraq qarşıya qoyulub və bu problem də öz həllini tapıb.

Artıq rayonumuzda bütün sahələrdə tam şəffaflıq yaradılıb və bu da son nəticədə həm əhalidə inamın yaranmasına, həm də bütün sahələrin inkişaf etməsi üçün şəraitin münbit olmasına gətirib çıxarıb. Biz bu sahədə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik.

Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə respublikamızda kənd təsərrüfatına xüsusi diqqət yetirilir. Keçən il qısa müddət ərzində bütün gücləri səfərbər edərək bu sahədə dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı.

Rayonumuzda bu sahədə artıq xeyli diqqətəlayiq işlər görülüb. İlk növbədə əkin sahələri genişləndirilib və kənd təsərrüfatının yeni sahələri yaradılıb. Rayon ərazisində olan bütün su arxları, kanalları başdan-başa təmizlənib və sahələrin suvarılması üçün möhkəm zəmin yaradılıb.

Ötən il rayonumuzda ilk dəfə olaraq baramaçılıq və tütünçülüq səhələri sınaqdan çıxarılmış və yaxşı nəticələr əldə olunmuşdur. Bu il həmin sahələr daha da genişləndiriləcəkdir. Eyni zamanda bu il ilk dəfə olaraq Qazaxda şəkər çuğunduru əkininə başlamışıq. İnanıram ki, bu sahədə də önəmli nəticələr əldə edə biləcəyik.

Bunun üçün bu il biz daha ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilib. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha çox məhsul gözləyirik.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirin sonunda öz tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL


Facebook-da paylaş