• Təqvim

  • Maraq



Qazaxda “Cəbhəni qarış-qarış!” layihəsi çərçivəsində vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin "Cəbhəni qarış-qarış!” layihəsi çərçivəsində vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib.

Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə təşkil olunmuş görüşdə Ermənistanla sərhəd kəndlərdə yaşayan sakinlər və məcburi köçkünlər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, bugünkü görüşün əhəmiyyətindən danışıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin düşmən tapdağı altında olduğunu, 5 kəndin isə daim düşmən gülləsinin atəşinə məruz qaldığını diqqətə çatdırıb. Vətən torpaqlarının azadlığı uğrunda Qazax rayonunun 280 nəfərdən artıq şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.

 

Respublikamızda şəhid ailələrinə, məcburi köçkün ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan G.Həsənova Qazaxda da bu təbəqədən olan insanlara hər zaman xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bunun bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

G.Həsənova qeyd edib ki, bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edirlər. Rayonun işğal altında olan kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunublar. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə də bu diqqət və qayğının ən bariz nümunəsidir. Bütün infrastukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb. O, ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin rayon rəhbəri tərəfindən də hər zaman olduğu kimi yerinə yetirildiyini qeyd edib. İcra başçısının yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsini, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması istiqamətində verdiyi tapşırıqları nümunə göstərib.

 

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, "Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin sədri, Əməkdar incəsənət xadimi, yazıçı–dramaturq-publisist Elçin Hüseynbəyli çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Layihənin məqsədi barədə məlumat verərək qeyd edib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və sərhəd bölgəsində yaşayan əhali ilə, eləcə də hərbçilərlə görüşü nəzərdə tutur, onlara mənəvi dəstək vermək məqsədi daşıyır. Bildirib ki, "Cəbhəni qarış-qarış!” şüarı təsadüfən seçilməyib. Respublika Prezidenti İlham Əliyevin dediyi kimi, savaş hələ bitməyib və bu savaşda müzəffər qələbəmizə yazarlar da öz töhfələrini əsirgəmirlər, çünki bu, hamımızın vətəndaşlıq borcudur. Yazıçı oxşar tədbirin artıq 4-cü ildir ki, keçirildiyini, bundan əvvəl də yazarların digər cəbhə bölgələrində olduqlarını qeyd edib. 2017-ci ilin oktyabrında AYB sədri Anar başda olmaqla samballı nümayəndə heyətinin Füzuliyə və Cocuq Mərcanlıya da səfər etdiklərini diqqətə çatdırıb.

AYB-nin hərbi vətənpərvərlik bölməsinin rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqar Türkoğlu, gənc şair Sərvər Kamranlı,AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın ədəbi məsləhətçisi Mustafa Rasimoğlu və eləcə də digər yerli qələm adamları çıxış ediblər. Onlar vətənimizin səngəri və istehkamı olan qazaxlı soydaşlarının daim yanlarında olduqlarını və onlarla qürur duyduqlarını dilə gətirib və bu ruhda şeirlər səsləndiriblər. Çıxış edənlər tezliklə torpaqlarımızın işğaldan azad olunacağını və yurdlarımızın yenidən güllü-çiçəkli diyara çevriləcəyini, sərhəd bölgələrimizin də asudə nəfəs alacağını qeyd ediblər. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində o günün elə də uzaqda olmadığını söyləyiblər.

Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Kəmərli kənd sakini Qurban Allahmanov və başqaları çıxış edərək qeyd ediblər ki, dövlətimiz tərəfindən məcburi köçkünlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. Daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər onlara yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda layihə rəhbəri Elçin Hüseynbəyli çıxış edərək layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, tədbirin yüksək səviyyədə təşkil olunmasına və göstərilən qonaqpərvərliyə görə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürlərini çatdırıb.

Sonda yazarlar görüş iştirakçılarına Qarabağ tarixi, döyüşçüləri və şəhidləri haqda kitabları, eləcə də tanınmış qələm adamlarının kitablarını hədiyyə edib, xatirə şəkli çəkdiriblər

Məlumat üçün qeyd edək ki, bu gün axşam saatlarında qonaqlar sərhəd zastavalarında olaraq sərhəd qoşunlarının əsgər və zabitləri ilə də görüşəcəklər.




GOYEZEN.AZ



Facebook-da paylaş