"Əngəlsiz Düşüncə" adlı təlim keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin cari ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən "Əngəlsiz Düşüncə" adlı təlim keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə müxtəlif yaş qrupuna aid sağlamlıq imkanları məhdud olan şəxslər, xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak ediblər.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dövlətimiz tərəfindən əlilliyi olan şəxslərə, habelə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıdan söz açıb. Bu qəbildən olan insanlara bütün sahələr üzrə geniş imkanlar yaradıldığını, onların hər cür dəstəklə əhatə olunduqlarını qeyd edib.
Təlimçi "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri, gənc yazar Mətanət Quliyeva tədbir haqqında ətraflı məlumat verərək bildirib ki, birlik olaraq bu cür görüşləri keçirməkdə əsas məqsəd həm əlilliyi olan, həm də heç bir məhdudiyyəti olmayan şəxsləri, xüsusilə də gəncləri bir araya gətirməkdir. Məqsəd sağlamlıq imkanları məhdud olan insanlara sosial dəstək olmaq, onların cəmiyyətdəki mövqeyini möhkəmlətməkdir. Ən əsası isə fiziki sağlamlıq imkanları məhdud olan həmin insanlara psixoloji dəstək göstərməklə onlarda əngəlsiz düşüncə formalaşdırmaqdır. Birlik olaraq ən böyük işimiz əlilliyi olan gənclərlə bərabər əlilliyi olmayan gəncləri bir araya gətirməklə onların da öz həmyaşıdlarından seçilmədiklərini göstərməkdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş