• Təqvim

  • Maraq



Qazaxın işğaldan azad edilmiş kəndlərində mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir


Respublika mətbuatı Qazax haqqında

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və uğurlu siyasəti nəticəsində 2024-cü il aprelin 19-u qazaxlıların, xüsusilə Qazax rayonunun uzun illər işğalda qalmış kəndlərin sakinlərinin yaddaşına əlamətdar tarix kimi yazılıb. 

Həmin gün Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar nəticəsində Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olundu. Mayın 15-də müvafiq protokol imzalandı, mayın 24-də isə adları çəkilən kəndlərin əraziləri Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü. 

Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq işləri yaxın zamanda Qazaxın işğaldan azad edilmiş kəndlərində də həyata keçiriləcəkdir. Həmin kəndlər də yenidən qurulacaq, evlər tikiləcək, infrastruktur yaradılacaq, çoxsaylı digər layihələr icra ediləcək ki, bu da sakinlərin doğma yurdlarına qayıtmağına imkan verəcək. Hazırda isə işğaldan azad olunmuş torpaqlarda minalardan təmizlənmə işləri həyata keçirilir. Mina təhlükəsizliyi tədbirlərinə əməl etmək isə hər bir vətəndaşın borcudur və bu sahədə onların üzərinə böyük məsuliyyət düşür. 

Elə bu məqsədlə Qazax şəhərində məskunlaşan məcburi kökünlərlə maarifləndirici görüş keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı, rayon polis şöbəsinin rəisi və Dövlət Sərhəd Xidməti "Qazax" Əlahiddə Sərhəd diviziyasının komandiri iştirak etmişlər. 

RİH-in başçısı Rəcəb Babaşov çıxış edərək Qazaxın 4 kəndinin bir güllə belə atılmadan geri qaytarılmasını dövlətimizin və ölkə başçısının növbəti qələbəsi kimi dəyərləndirmişdir. Görüşdə minaların təmizlənməsi işlərinin təkcə Qarabağ və Şərqi Zəngəzur istiqamətində deyil, eyni zamanda, həmin kəndlərdə aparıldığı bildirilmişdir. İndiyədək aparılan minatəmizləmə prosesi nəticəsində kəndlərin xeyli sayda mina və partlamamış hərbi sursatlardan təmizləndiyi vurğulanmışdır. Bildirilmişdir ki, təhlükəsizlik tədbirləri görülmədən və rəsmi icazə verilmədən həmin ərazilərə getmək qadağandır və bunun məsuliyyətini hər bir vətəndaş, hər bir kənd sakini dərk etməlidir.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

7 sentyabr 2024-cü il, səhifə 9

https://www.azerbaijan-news.az/az/posts/detail/qazaxin-isgaldan-azad-edilmis-kendlerinde-mina-tehlukesizliyi-ile-bagli-maariflendirici-tedbir-kecirilmisdir-1725657761 




Facebook-da paylaş