• Təqvim

  • Maraq



Şəhid oğlumun xatirəsi əziz tutulur


Respublika mətbuatı Qazax haqqında

Oğlum Elvin Əhmədov 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdu. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Təmayüllü Məktəb-Liseyi əla qiymətlərlə bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində gizir rütbəsi almışdı.

2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarında iştirak edən Elvin qəhrəmancasına şəhid oldu. Onu kəndimizin qəbiristanlığında dəfn etdik.

Prezidentin sərəncamları ilə oğlum ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edildi.

Həmin vaxtdan indiyədək bir il keçsə də, nə mənim oğlum, nə də digər şəhidlər unudulur. Onların xatirəsi əbədiləşdirilərək gələcək nəsillərə ötürülür. Bu yaxınlarda eşitdiym bir xəbər isə məni bir şəhid anası kimi həddindən artıq sevindirdi. Belə ki, adsız küçələrdən birinə oğlum Elvinin adı verilmişdir. Bundan başqa, etdiyim daha bir müraciət öz həllini tapdı. Rayon İcra Hakimiyyəti Elvinin boya-başa çatdığı evi əsaslı şəkildə təmir etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, şəhidlərimiz heç vaxt unudulmur və yaddan çıxmır. Bizə göstərilən diqqət və qayğı oğlumun da ruhunu şad edir. Söz yox ki, bu diqqət və qayğı dövlət başçısından irəli gəlir. Odur ki, ailəmiz adından Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Təranə ƏHMƏDOVA,

Qazax rayonu, 

şəhid Elvin Əhmədovun anası

“Azərbaycan” qəzeti

21 avqust 2024-cü il, səhifə 10

https://www.azerbaijan-news.az/az/posts/detail/sehid-oglumun-xatiresi-eziz-tutulur-1724191081 




Facebook-da paylaş