Qədim yaşayış məskəni, tarixi abidələr diyarı
Respublika mətbuatı Qazax haqqında
Respublikanın Qərb qapısı Qazax qədim yurd yerlərimizdən biridir. Bölgədə xalqımıza məxsus olan bir çox qədim tarixi abidələr bunu bir daha təsdiq edir.
Rayonda yaşı yüz illərlə ölçülən abidələrin qorunub gələcək nəsillərə çatdırılması diqqətdə saxlanılır. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisləri Sərvinaz Aşurova və Zivər Süleymanova bildirdilər ki, ərazidə olan 112 daşınmaz tarixi və mədəniyyət abidələrinin 46-sı memarlıq abidəsidir. Təəssüf hissilə vurğulamaq lazımdır ki, 15 abidə işğal altındakı kəndlərdə vandal ermənilərin təcavüzünə məruz qalmışdır.
Məlum olduğu kimi, dövlət başçısı cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Qazaxın 4 kəndi işğaldan azad olundu. Sözsüz ki, yaxın zamanlarda quruculuq-abadlıq işləri, eyni zamanda bölgədə mövcud olan tarixi abidələrin yenidən bərpasına başlanılacaq.
Rayonda 3 dünya, 52 respublika, 57 yerli əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Şəhərin mərkəzində yerləşən abidələrdən biri Qazax Müəllimlər Seminariyasının binasıdır. Bina Qazax mahalının adlı-sanlı insanlarından biri Məşədi İbrahimin şəxsi mülkü olmuşdur. Binanın tikintisində qırmızı kərpic, əhəng, yumurta sarısından istifadə olunmuşdur.
Bu tarixi abidə XIX əsrin sonu XX əsrin əvvəllərində tikilib. 1918-ci ilin iyun ayının 22-də Qazax Müəllimlər Seminariyası təsis olunmuş, bina sahibinin istəyi ilə seminariya fəaliyyətini burada davam etdirmişdir. Bir zamanlar baxımsız qaldığından pis vəziyyətə düşmüşdü. 2021-ci ilin noyabr ayından ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə seminariyanın binasında qədimilik qorunmaqla müasir üslubda əsaslı təmir-bərpa işləri aparılmış, 2022-ci ilin dekabr ayında başa çatdırılmışdır. Hazırda burada ADA Universitetinin Qazax Mərkəzi fəaliyyət göstərir.
Adıçəkilən bina şəhərə xüsusi gözəllik verir. Həmin ərazidə yaşı bir əsrdən artıq olan İsrafil ağa hamamı da bu günümüzədək qalır. Binanın ümumi sahəsi yardımçı otaqlarla birlikdə 420 kvadratmetrdir. Eyni zamanda binanın tavan hissəsi də kərpiclə hörülmüşdür. Tikinti gümbəz formasında olduğuna görə qoşa gümbəzli İsrafil ağa hamamı adlanır. İçərinin işıqlandırılması üçün gümbəzlərin üstündə xüsusi bacalar qoyulmuşdur.
Tikintidə çay daşı və əhəngdən istifadə olunmuşdur. Hazırda milli üslub qorunmaqla ADA Universiteti tərəfindən binada əsaslı tikinti-təmir işləri davam etdirilir. Təmir işləri başa çatdıqdan sonra tarixi-mədəni abidə kimi istifadə olunması nəzərdə tutulur ki, bu da rayona təşrif buyuran yerli və xarici turistlərin marağına səbəb olacaq.
Bundan başqa, şəhərin mərkəzində XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata götürülmüş Qazax Cümə məscidi müasir dövrümüzədək qorunub saxlanmışdır. Bu məscid 1899-cu ildə əslən Kəsəmən kəndindən olan, bölgədə xüsusi hörmətə malik Axund Hacı Zeynal Məhəmmədəli oğlu Cəfəröynün təşəbbüsü ilə inşa olunub. Bina memar Müzəffər Hüseynovun layihəsi əsasında tikilmişdir.
Məscidin iki minarəsi var. Ümumi hündürlüyü 15 metr, divarın qalınlığı isə 1,9 metrdir. Bu səbəbdən binanın daxilində temperatur ilin bütün fəsillərində sabit olur. Adıçəkilən məscid 1920-ci ildən bu günümüzədək ibadət edən insanların istifadəsinə verilmişdir. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, Sovetlər Birliyi dönəmində respublikanın hər yerində olduğu kimi, Qazaxda da məscidin fəaliyyət göstərməsinə maneçilik törətmişlər. Həmin dövrlərdə məscid binasında yeməkxana, anbar, əczaxana və kitabxana fəaliyyət göstərib.
Bundan başqa, Qazaxın mərkəzində şəhər bağında qorunub saxlanılan rus provaslav kilsəsi də bölgəyə gələnlərin marağına səbəb olur. Bina 1897-1905-ci illərdə inşa olunub. Kilsənin tikilməsinin maraqlı bir tarixi var. 1736-cı ildən XX əsrin əvvəllərinə qədər çar Rusiyasının apardığı siyasət nəticəsində Qazax qəzasında provaslav məzhəbli rus ailələrinin bölgədə sayı artmışdır. Bu səbəbdən kilsə tikilərək rusların istifadəsinə verilmişdir. Kilsənin sahəsi 350 kvadratmetrdir.
Baba Dərviş abidəsi Qazax rayonunun Xanlıqlar kəndi ərazisində, Ağstafa çayının sol sahilində yerləşir. Bu abidənin tarixi 3-cü minilliyə təsadüf edir. Baba Dərviş son tunc, ilk dəmir və orta əsrlərə aid yaşayış yeridir. 1958-1962-ci illərdə dünya əhəmiyyətli abidənin ərazisində alimlər arxeoloji qazıntılar aparmış və qiymətli maddi-mədəni nümunələr əldə etmişlər. Burada gildən hazırlanmış qablar, insan və heyvan fiqurları tapılmışdır. Bundan başqa, ərazidə taxıl saxlamaq üçün quyular, ocaq yerləri, dəmir bıçaqlar da katakomba qəbir nümunələri də aşkar edilmişdir.
Buradan Təbrizə, İrəvana, Naxçıvana və Tiflisə yol gedirmiş.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
14 iyun 2024-cü il
https://respublika-news.az/az/news/qedim-yasayis-meskeni-tarixi-abideler-diyari
Facebook-da paylaş