• Təqvim

  • Unutma

  • Maraq



“Rəşadət” ordenli cəsur kapitan


Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Vətən müharibəsi şəhidi Azərbaycan ordusunun kapitanı İmamverdi Yoloğlu oğlu İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində, Müşviq qəsəbəsində "N" saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi, 100 illiyi medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi təchizat üzrə xidmət rəisi olmuşdu.

Vətən müharibəsi başlayanda həmlə taborunun qərargah rəisi olan İmamverdi İsmayılov 2020-ci ilin 27-28 sentyabrında Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.

Kapitan rütbəsi daşıyan İmamverdi Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 2020-ci il sentyabrın 29-da Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir. Emin və Elnur adlı iki oğul övladı yadigar qalıb. Bütün şəhidlərimiz kimi, kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin sərəncamlarına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən küçələrdən birinə 3-cü dərəcəli "Rəşadət" ordenli şəhidimizin adı verilmişdir.

Ömrünü Vətən yolunda qurban verən İmamverdi qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

M.MİRZƏ,

"Respublika" qəzeti,

11 dekabr 2022-ci il, səhifə 9




Facebook-da paylaş