• Təqvim

  • Unutma

  • Maraq



Qazax: Ənənələr uğurla davam etdirilir

Respublika mətbuatı Qazax haqqında


Tarixən Qazax mahalının şairlər, yazıçılar, ziyalılar yurdu olduğu hər kəsə məlumdur. Əzəldən bu bölgənin adamları elmə, təhsilə maraqlı olmuşlar. Qazaxda fəaliyyət göstərən təhsil müəssisələri uğur qazanmaq üçün sanki yarışa giriblər. Əldə etdiyimiz məlumata görə, cari ildə ali məktəblərə qəbulun nəticələri üzrə respublikada birinci onluqda yer alan, regionda isə birinciliyi qoruyub saxlayan yenə də Səlim Əfəndiyev adına Qazax şəhər 1 saylı tam orta məktəb olmuşdur. Bu təhsil müəssisəsinin bir əsrdən artıq yaşı var. Fəaliyyət göstərdiyi dövrdə məktəbin minlərlə layiqli yetirmələri olub. 1 saylı tam orta məktəb 1904-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlamış, 1914-cü ildə isə orta məktəb statusu almışdır. Məktəb 1992-ci ildən Qori seminariyasının məzunu S.Əfəndiyevin adını daşıyır. Hazırda 1 saylı tam orta məktəbin binası müasir standartlara tam cavab verir. Məktəbin ilk illərdə fəaliyyət göstərdiyi bina da qalmaqdadır. Bu tədris müəssisəsi uzun illərdir ki, qabaqcıllığı qoruyub saxlamaqdadır. Məktəbdə xüsusi nizam-intizam və təmizlik ilk baxışdan diqqəti cəlb edir. 1 saylı tam orta məktəb 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə əsaslı təmir olunmuş, ixtisaslaşdırılmış tarix, coğrafiya, informatika və hərbi kabinetləri, habelə fizika və kimya laboratoriyaları zəruri avadanlıqlarla təchiz olunmuşdur. Məktəb 2 dəfə -2009 və 2014-cü illərdə - ilin ən yaxşı məktəbi adını qazanmış, hər dəfə dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 10000 (on min) manat pul mükafatına layiq görülmüşdür. Məktəbdə 780 şagirdin təlim-tərbiyəsi ilə 70 müəllim məşğul olur. 2019-2020-ci tədris ilində qəbul sayına görə məktəb ölkədə 3-cü yeri, Qazax-Ağstafa zonasında isə 1-ci yeri qazanıb. 2020-2021-ci tədris ilində isə məktəbi 68 nəfər şagird bitirib. Onlardan 43 nəfəri ali məktəbə qəbul olub. 2 nəfər 650 baldan 10 nəfər 500 baldan, 6 nəfər isə 400 baldan yuxarı nəticə göstərərək nüfuzlu ali təhsil ocaqlarına qəbul olmuşlar. Hər il məktəbdə müxtəlif tədbirlər keçirilir. 2020-2021-ci tədris ilində Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində geniş tədbirlər həyata keçirilərək sərgilər təşkil olunub və Nizami Gəncəvi guşəsi yaradılıb. Eyni zamanda, görkəmli saz-söz ustadı, haqq aşığı Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş poeziya gecəsi təşkil olunmuş, Aşıq Ələsgər poeziyası şagirdlər arasında böyük marağa səbəb olmuşdur.

Məktəb özünəməxsus ənənələrini uğurla davam etdirmək üçün yeni tədris ilinə daha həvəslə hazırlaşıb.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

19 sentyabr 2021-ci il




Facebook-da paylaş