• Təqvim

  • Maraq



"Zirvələrə yüksələn zərif insan ömrü"


Respublika mətbuatı Qazax haqqında

Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar "Zirvələrə yüksələn zərif insan ömrü" adlı tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, mədəniyyət müəssisələrinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftalmoloq-alim, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri haqqında geniş məruzə ilə çıxış edib. Rayon rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı barədə səsləndirdiyi "Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında yüksək dəyər qazanmağı bacarıb və əsl insanlıq zirvəsinə yüksəlib", "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib" dəyərli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq dahi liderin ailə dəyərlərinə böyük qiymət verdiyini bildirib. İcra başçısı görkəmli oftalmoloq, xeyirxah insan Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolundan geniş bəhs edib. 

Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, təqaüddə olan həkim Sevda Məmmədova, Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-də həkim-oftalmoloq Məlahət Mustafayeva, həkim-nevroloq Cahanə Xasməmmədova, həkim otolorenqoloq Gültac Qədimalıyeva çıxış ediblər.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

17 aprel 2025-ci il

https://respublika-news.az/az/news/zirvelere-yukselen-zerif-insan-omru 




Facebook-da paylaş