• Təqvim

  • Unutma

  • Maraq



Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror ümumilikdə planetə qarşı yönəlmiş əsl cinayətdir


Ekoloji terror təbiətə, planetin flora və faunasına zərər yetirmək, təbii sərvətləri məhv etmək, bilərəkdən ziyan vurmaqdır. Dünyada baş vermiş və hal-hazırda baş verən silahlı münaqişələr, müharibələr ölkələrin ekologiyasına nəzərə çarpacaq dərəcədə öz mənfi təsirini göstərmiş və göstərməkdədir. Xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə nəticələnən müharibə ölkəmizin ekosisteminə bilərəkdən ziyan vurulmasına gətirib çıxarmışdır. Məlumdur ki, ekosistemin bəzi komponentləri çatışmayanda o dağılmağa başlayır və təbii tarazlıq pozulur, florada məhsuldarlıq azalanda məhv olur, Fauna növləri yaşayış üçün daha əlverişli şəraiti olan yerlərə köç edirlər. Bütün bu illər ərzində ermənilər şüurlu surətdə təbiətimizi məhv etmiş, Azərbaycanın flora və faunasına çox böyük ziyan vurmuş, minlərlə hektar meşə massivini qırmış, yandırmış, çaylarımızı və göllərimizi qurutmuş, nadir bitki və ağac növlərinin kökünü kəsmiş, yeraltı və yerüstü sərvətləri talan etmişdir. Çayların, göllərin qəsdən çirkləndirilməsi nəticəsində qiymətli balıq növləri yox olmuş və balıq ehtiyatları tükənmişdir.

Uzun illər işğal altındakı torpaqlarımızda aparılmış ekoloji terrorun tam mənzərəsi 2020- ci ilin sentyabr ayında başlanmış və cəmi 44 günə şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan silahlı birləşmələrinin məğlub edilməsindən və 30 illik işğala son qoyulmasından sonra daha aydın şəkildə özünü göstərmişdir. İşğaldan azad edilmiş ərazilər sanki vandal və vəhşi qəbilənin keçdiyi xarabazarlığı xatırladır. Erməni vəhşiləri bu yerlərdə müvəqqəti olduqlarını bildikləri üçün təbiətə qənim kəsilərək ekologiyanı darmadağın etmiş, Ermənistan dövlətinin birbaşa təşkilatçılığı ilə ekoloji təhlükəsizliyə təhdid yaradan qanunsuz əməllər törədiblər. 30 illik işğal dövründə Azərbaycana məxsus su anbarlarını nəzarətdə saxlayaraq ölkəmizə qarşı ekoloji terror törədiblər. Prezident İlham Əliyevin 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı bu məsələlərlə əlaqədar bildirmişdir ki, hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində ermənilərin Suqovuşan su anbarından Azərbaycana qarşı ekoloji terror törətməkləri ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.

Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Prezident həmçinin qeyd etmişdir ki, "Suqovuşan-1” və "Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmış və artıq bu stansiyalar işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır.

Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdirlər. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Hərbi cinayətlərə görə erməni rəhbərliyi mütləq olaraq məsuliyyət daşımalıdır. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. Ölkə Prezidenti öz çıxışında vurğulamışdır ki, revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır. Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş