Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü şəhərin Nəriman Nərimanov yaşayış massivində yaşayan sakinlərlə olub
Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin fevral ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yaşayan binaların sakinləri, eləcə də ətraf ərazidə yaşayan vətəndaşlarla olub.
Fevralın 20-də Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğulayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
İcra başçısı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bununla bağlı Tədbirlər Planının təsdiq olunduğunu vurğulayıb. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Rayon rəhbəri istər Konstitusiyamızın təkmilləşdirilməsində, istərsə də ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olduğunu söyləyib. İcra başçısı bildirib ki, Konstitusiyamızda Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir ki, bu, bu gün tam reallığa çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə qazanılmış və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
Rayon rəhbəri son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da genişmiqyaslı abadlıq işlərinin aparıldığını, şəhər və rayonun kəndlərində məktəb binalarının əsaslı təmir olunduğunu və ya yenidən inşa edildiyini qeyd edib. Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. Şəhərdə küçələrə asfalt örtüyünün vurulduğunu, səkilərə tamet döşəndiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib. Rayon rəhbəri ötən illər ərzində Nəriman Nərimanov yaşayış massivində yerləşən çoxmənzilli yaşayış binalarının blok və fasadında təmir işlərinin aparıldığını, dam örtüyünün dəyişdirildiyini bildirib. Dəmiryol və 49 saylı binaların qarşısında xeyir-şər evinin tikildiyini, binaların həyətinə yeni asfalt örtüyünün vurulduğunu, bu ərazidə yerləşən 4 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə təmir edildiyini söyləyib. Bina sakinlərinin qaldırdıqları məsələlərin zamanla müsbət həllini tapdığını diqqətə çatdırıb. Rayon rəhbəri sözügedən binaların “Abad məhəllə” kimi sakinlərə təqdim olunduğunu bildirib. İcra başçısı son illər rayonda aparılan abadlıq işlərinin bu gün də uğurla davam etdirildiyini, xüsusilə də nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Qazax rayonunda daha 4 küçəyə - şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə, həmçinin, rayonun Bala Cəfərli kəndində yeni asfalt örtüyünün döşəndiyini söyləyib. Şəhərdə görülməsi nəzərdə tutulan işlərdən söz açan icra başçısı hazırda şəhərin Nəriman Nərimanov yaşayış massivində abadlıq işlərinin aparıldığını qeyd edib, bu cür işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
İcra başçısı Nəriman Nərimanov yaşayış massivindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Bu qəsəbənin Birinci Qarabağ müharibəsində 8 nəfər şəhid verdiyini bildirib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonundan 5 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan 2 nəfərin (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlunun, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlunun Nəriman Nərimanov yaşayış massivində yaşadığını, onların antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdiklərini vurğulayıb. 5 nəfər Birinci Qarabağ müharibəsi, 4 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, eləcə də digər kəndlərdə SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini söyləyib. Şəhərdə və kəndlərdə rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib. Şəhərdə küçələrin asfaltlanmasının və işıqlandırılmasının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib.
Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları Nəriman Nərimanov yaşayış massivində daim yeniliklərin, binaların əsaslı şəkildə təmir olunmasının, binaların həyətinə yeni asfalt örtüyünün vurulmasının əyani şahidi olduqlarını qeyd ediblər. İstər ötən illər ərzində, istərsə də bu günlərdə aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə bina sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər Nəriman Nərimanov yaşayış massivində 38 və 39 saylı binaların həyətlərinin asfaltlaşdırılması, yaşayış massivində yeni işıqlandırma sisteminin quraşdırılması, Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yerləşən Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin əsaslı təmirinə köməklik, 51 saylı binanın fasad hissəsinin təmiri və kanalizasiya xəttinin yenisi ilə əvəz olunması ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Rayon rəhbəri səslənən məsələlərin nəzarətə götürüləcəyi, həlli istiqamətində lazımi addımlar atılacağını qeyd edib.
Facebook-da paylaş