İcra başçısı Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin müəllimlərini Fəxri Fərmanla təltif edib
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mayın 24-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti qoruyaq!” adlı növbəti tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən “Təbiəti qoruyaq!” adlı tədbirdə fəal iştirak etdiklərinə görə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin müəllimlərini Fəxri Fərmanla təltif edib. Məktəb-liseyin direktoru Comərdova Tahirə Valodya qızı, məktəb-liseydə Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Nəbiyeva Mədinə Mayıl qızı, Uşaq Birliyi Təşkilatının rəhbəri Əliyeva Mehriban Yafəs qızı, 2a sinifinin rəhbəri Hüseynova Könül Rza qızı, 3c sinifinin rəhbəri Yusifova Sevinc Tapdıq qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Məktəbin 10-cu sinif şagirdləri Aydan Nəsibovaya və Elcan Adıgözəlliyə isə hədiyyə təqdim edilib.
Mayın 27-də Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov tədbirdə iştirak edənləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyətindən söz açıb. Rayon rəhbəri qeyd edib ki, sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İcra başçısı Qazax rayonunda da silsilə tədbirlərin keçirildiyini, hər zaman bütün tədbirlərə olduğu kimi, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbirlərə də xüsusi həssaslıqla yanaşıldığını, keçirilən tədbirlərin ölkəmizin, rayonumuzun adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini söyləyib. Rayon rəhbəri istər mayın 21-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən “Yaşıl dünyamızı zənginləşdirək” adlı tədbirin, istərsə də Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə keçirilən “Təbiəti qoruyaq!” adlı tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. İcra başçısı bir daha tədbirin yüksək səviyyədə təşkil olunmasında, ərsəyə gəlməsində əməyi, əziyyəti keçən hər kəsə razılığını ifadə edib, ən əsası da “Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfələrini verdiklərinə görə məktəb-liseyin kollektivinə minnətdarlığını bildirib. “Ətraf mühiti qorumaq, yaşıl dünyamızı zənginləşdirmək, dövlətimizin bu sahədə olan siyasətini dəstəkləmək, ölkəmizdə həyata keçirilən işlərə töhfə vermək hər kəsin borcudur”, - deyən icra başçısı “Yaşıl dünya naminə həmrəylik ili”nin bu istiqamətdə hər bir vətəndaşa geniş imkanlar açdığını bildirib, bu yolda hər kəsə uğurlar arzulayıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına görə rayon rəhbərliyinə təşəkkür edib. R.Rzayev rayon rəhbərliyinin ilk gündən müəllimlərə, onların əməyinə yüksək dəyər verdiyini, məktəblilərə hər zaman səmimi münasibət bəslədiyini qeyd edib və bütün bunlara görə təhsil işçiləri adından minnətdarlıq edib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan qayğılarının Qazax rayonunda olduğu kimi hiss edildiyini, uğurla davam etdirildiyini, bugünkü görüşün də bunun əyani sübutu olduğunu söyləyib.
Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin direktoru Tahirə Comərdova çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məktəb-liseyin köhnə binasının əvəzinə yüksək səviyyədə yeni binanın inşa edilməsinə görə ölkə başçısına bir daha razılığını ifadə edib. Bugünkü görüşü, Fəxri Fərmanla təltif olunmalarını özlərinin timsalında məktəb kollektivinə, bütün müəllimərə, onların əməyinə verilən qiymətin, məktəblilərə göstərilən qayğının, ayrılan diqqətin bariz nümunəsi kimi dəyərləndirib.
Fəxri Fərmanla təltif olunmuş müəllimlər də səmimi ürək sözlərini bölüşərək onların əməyinə verilən qiymətə görə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün, Fəxri Fərmanla təltif olunmalarının onlara böyük stimul verdiyini, eyni zamanda, üzərilərinə böyük məsuliyyət qoyduğunu vurğulayıblar. Məktəb-liseyin kollektivi olaraq bundan sonra da təhsil sahəsinin inkişaf etməsi, gələcəyimiz olan gənclərin yüksək səviyyədə yetişməsi, savadlı gənclər ordusunun formalaşması üçün böyük səylə çalışacaqlarını söyləyiblər.
Məktəblilər Aydan Nəsibova və Elcan Adıgözəlli də ürək sözlərini bölüşüb, onları qiymətləndirdiyinə görə rayon rəhbərliyinə təşəkkür ediblər. Hər zaman yüksək nəticələr əldə edərək onlara olan etimadı əməli işləri ilə doğruldacaqlarını qeyd ediblər.
Facebook-da paylaş