• Təqvim

  • Maraq



Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib


8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd olunub. Martın 6-da əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətində tədbir keçirilib.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdıraraq onlara gələcək işlərində uğurlar arzulayıb. İcra başçısı Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. Qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb. Rayon rəhbəri ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını söyləyib. Ulu Öndərin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdığını, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdiyini, lider qadınlar yetişdirdiyini qeyd edib. 


Rayon rəhbəri bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artdığını vurğulayıb. Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduğunu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkə idmanının inkişafına böyük töhfələr verdiklərini bildirib. Rayon rəhbəri Azərbaycan qadınının ölkənin tərəqqisində danılmaz payı olduğunu qeyd edərək hər zaman əməli işlərdə bunun şahidi olduğumuzu vurğulayıb. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadınının milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildiyini, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verdiyini bildirib. Qadınların elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olduğunu söyləyib. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətlərinin məmnunluq hissi doğurduğunu qeyd edib. 


İcra başçısı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyətindən, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlərdən, xeyirxah əməllərdən söz açaraq bütün bunların Azərbaycan qadınlarına əsl örnək olduğunu bildirib. Rayon rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd edib. Onun təşəbbüsü ilə keçirilən tədbirlərin həm də Azərbaycan gənclərinin potensialından xəbər verdiyini qeyd edib. 


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi qələbədən söz açan icra başçısı həmin zəfərdən sonra Azərbaycan xalqının Silahlı Qüvvələr Gününü daha böyük sevinc və qürur hissi ilə qeyd etdiyini bildirib. Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolundan söz açan rayon rəhbəri qeyd edib ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, Vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır. İcra başçısı rayonun ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində qazaxlı qadınların da böyük əməyinin olduğunu bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək bayram münasibətilə onları unutmadığına və təbrik etdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxışlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırdığı vurğulanıb. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlərin əsl örnək olduğu diqqətə çatdırılıb. Çıxış edənlər Azərbaycan qadını olaraq bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edərək ölkəmizin inkişafı naminə var qüvvələri ilə çalışacaqlarını, əməli işləri ilə töhfə verəcəklərini söyləyiblər. 

Tədbirdə bir qrup qadına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, gül dəstələri və hədiyyə təqdim edilib.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha bütün qadınları təbrik edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb.



Facebook-da paylaş