Qazaxda sahibkarların iştirakı ilə Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklər barədə maarifləndirici görüş keçirilib
Fevralın 9-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklər barədə vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə sahibkarlarla görüş keçirilib.
Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Qanunvericiliyin Monitorinqi və Sahibkarlıq Subyektləri ilə İş İdarəsinin rəisi Əhməd Əhmədov, 14 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Cəbrayıl Məmmədov, yerli sahibkarlar iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Keçirilən tədbirin əhəmiyyətindən söz açan birinci müavin bu cür maarifləndirici tədbirin keçirilməsinə görə təşkilatçılara razılığını ifadə edib.
Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Qanunvericiliyin Monitorinqi və Sahibkarlıq Subyektləri ilə İş İdarəsinin rəisi Əhməd Əhmədov, 14 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Cəbrayıl Məmmədov və başqaları çıxış edərək mövzu ilə bağlı geniş məlumat veriblər. Qeyd olunub ki, Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklər sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasına və bu yolla vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizə üzrə məsələləri özündə əks etdirir.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Facebook-da paylaş