• Təqvim

  • Maraq



Milli Məclisdə Qazax rayonundan olan bir qrup fəal gənclə görüşlər keçirilib


Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 18-də Qazax rayonunun bir qrup fəal gənci ilə görüşüb.

Qonaqları salamlayan Milli Məclis sədrinin müavini Adil Əliyev bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirlərinin keçirildiyini qeyd edərək Azərbaycanın indiki nailiyyətlərinin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını vurğulayıb. Vitse-spiker gənclərin diqqətinə çatdırıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub. 

Heydər Əliyevin həmişə xalqın dəstəyinə arxalandığını deyən Milli Məclis sədrinin müavini Ulu Öndərin gənclər siyasətinə xüsusi önəm verməsindən bəhs edib, bu istiqamətdə atdığı əhəmiyyətli addımlardan, qərarlardan danışıb. 

Ümummilli Liderin gənclər siyasətinin bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla və zamanın tələblərinə uyğun inkişaf etdirildiyini vurğulayan Adil Əliyev milli-mənəvi dəyərlərimizə bağlı yetişmiş gəncliyimizin İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətlərdən söz açıb. 

Vitse-spiker bildirib ki, gənclərin elmli, təhsilli, layiqli vətəndaş kimi formalaşması çox önəmli məsələdir. Gənclərimizin son illərdə idman sahəsində və beynəlxalq yarışlarda qazandığı uğurlar da göz qabağındadır. Bu uğurların təməli də dövlətin gənclər siyasəti ilə bağlıdır. Çünki gənclərin fiziki tərbiyəsi və sağlamlığı da dövlətimizin əsas prioritetlərindəndir. Qarşıdan gələn Prezident seçkilərinə toxunan vitse-spiker ölkənin  gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə kimi gəncləri bu seçkilərdə də fəal iştirak etməyə çağırıb.

Sonra görüş gənclərin suallarının cavablandırılması və onları maraqlandıran mövzuların müzakirəsi ilə davam etdirilib.

Qazax rayonundan olan gənclər onlara yaradılan yüksək şəraitə və görüşə görə Milli Məclisin sədri Sahibə Qafarovaya öz minnətdarlıqlarını bildiriblər.

***

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Ülviyyə Ağayeva Qazax rayonunun bir qrup fəal gənci ilə görüşüblər.

Qonaqları Milli Məclisdə salamlayan Hicran Hüseynova gənclərin parlamentlə tanışlığının bir ənənəyə çevrildiyini diqqətə çatdırıb və buna görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Hicran Hüseynova bu gün Prezident İlham Əliyevin rəhbərliyi və gənclərimizin fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin qürurunu yaşadığımızı diqqətə çatdırıb.

Söhbət zamanı Hicran Hüseynova ölkəmizdə qadın və gənclər siyasəti, qadınların cəmiyyət həyatının müxtəlif sahələrində iştirakçılığının artırılması, təhsilin vacibliyi, ailə institutunun qorunması, erkən nikahların qarşısının alınması barədə fikirlərini bölüşüb.

Görüşdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə qayğısı, Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şərait, onların ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunmasındakı xidmətləri barədə danışıb.

Tədbirdə çıxış edən deputat Ülviyyə Ağayeva gənclərin Qazax rayonunun ictimai həyatında rolu, onların gördükləri işlər, gənclərimizin Vətən sevgisi və fədakarlığı barədə fikirlərini bölüşüb.

Görüşdə deputatlar gənclərin qarşıdan gələn Prezident seçkilərində fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər.

Tədbirin sonunda deputatlar gəncləri maraqlandıran sualları cavablandırıblar.

***

Görüşlərdən sonra gənclər Milli Məclisin İnzibati binası ilə tanış olublar.

Onlara Parlamentin foyesində Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi haqqında məlumat verilib. Bildirilib ki, həmin guşəyə müharibə dövründə canlarından keçərək Şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub.

Parlamentin binasında müstəqil Azərbaycanın memarı olan Ümummilli Liderin adını daşıyan xatirə zalını ziyarət edən gənclər burada Ulu Öndər Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Sonra parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti, plenar iclas zalında yaradılmış iş şəraiti, qanunvericilik prosesinin həyata keçirilməsi  prosedurları haqqında geniş məlumat verilib.

İnzibati bina ilə tanışlıq zamanı gənclər xatirə şəkilləri çəkdiriblər.

https://www.meclis.gov.az/news.php?id=5252&lang=az&fbclid=IwAR0-2jJXmau8kergWhWKZA3RHf9ZWyN6d27PrNiZ9IlPtPS4VhaePvnxB88 




Facebook-da paylaş