• Təqvim

  • Maraq



İcra başçısının növbəti səyyar görüşü Qazaxın sərhəd kəndi olan Cəfərlidə yaşayan sakinlərlə olub


Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüş dekabrın 15-də Qazaxın sərhəddə yerləşən Cəfərli kəndində olub. 

Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söhbət açılıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb, keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. Şəhərdə, eləcə də kəndlərdə keçirilən səyyar görüşlərin bir məqsədə - vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da kənddəki mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı fəaliyyətə başladığı ilk gündən bütün sərhəd kəndlərini, o cümlədən də Cəfərli kəndini, burada yaşayan sakinləri diqqətdə saxladığını qeyd edib. 

Sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərin mərdliyindən, qorxmazlığından söz açan icra başçısı onların mətinliyini, dəyanətini yüksək qiymətləndirib. Qəhrəman kəndin Birinci Qarabağ mühharibəsində 5 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 6 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Vətən müharibəsi əlilinin olduğunu söyləyib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonundan 5 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, Cəfərli kəndindən isə 2 nəfərin yaralandığını vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Cəfərli kəndindən 36 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  


İcra başçısı rayonun bütün kəndlərində olduğu kimi, Cəfərli kəndində də abadlıq işlərinin aparıldığını, vətəndaşlar tərəfindən səslənən məsələlərin zamanla aradan qaldırıldığını bildirib. Ötən illər ərzində kəndin yolunun yenidən asfaltlanması, kənddə uşaq bağçasının təmir olunması ilə bağlı müraciətlərin müsbət həllini tapdığını vurğulayıb. İcra başçısı rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, həmin təmirli bağçalardan birinin də məhz Cəfərli kənd Uşaq bağçası olduğunu söyləyib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı Cəfərli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Cəfərli kəndində əkin sahəsinin 511,0 hektardan 633,1 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Cəfərli kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu gün 5 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. İcra başçısı bütün kəndlərdə, o cümlədən də Cəfərli kəndində suvarma suyunun yaxşılaşdırılması üçün arx və kanallarda aparılan təmizlik işlərinin, eləcə də gecə və gündüz növbəliliyinə əməl olunmasının böyük rol oynadığını bildirib.


Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 13 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 2 nəfərin müharibə əlili, 10 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Cəfərli kəndində də SİP kabelləşmə işinin aparıldığını, həmçinin, kənddə fiber optik internet xəttinin çəkildiyini qeyd edib. 


Sakinlər onlarla görüşə gəldiyinə, sərhəd kəndində yaşayan insanlara daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən Cəfərli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Cəfərli kənd uşaq bağçasının təmirini, kəndin yolunun yenidən asfaltlanmasını, əhalinin su təminatının yaxşılaşdırılmasını, eləcə də digər görülən işləri yüksək qiymətləndiriblər. Xüsusilə də uzun illərdən sonra kəndə yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə subartezian quyusunun qazılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən bu məsələyə də həssaslıqla yanaşılacağını, müsbət həlli üçün lazımi addımlar atılacağını bildirib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş