• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti təşkil olunub


2020-ci ilin 27 sentyabrında başlayıb və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, iradəsi və qətiyyətli qərarları ilə xalqımız Vətən müharibəsində cəmi 44 günə düşmən üzərində şanlı Qələbə qazandı. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına haqq savaşında tarixi ədalət bərpa olundu. Bu gün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qalib ölkənin vətəndaşı olaraq qürurla qeyd edir. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu il ilk dəfə 8 noyabr həm də Şuşa Şəhər Günü kimi yaddaşlara həkk olundu.

Tariximizə qızıl hərflərlə yazılan şanlı Qələbəmizə aid tədbirlər respublikamızın hər yerində təntənəli şəkildə keçirilməkdədir. 8 Noyabr - Zəfər Günü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib.

Bu gün Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti təşkil olunub. 


Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbirində ətrafı üçrəngli Azərbaycan Bayraqları bəzəyib, dörd bir yana qara zurnanın sədaları yayılıb. 


Şanlı Zəfərimizə həsr edilmiş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.


Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca bayram tədbirini açıq elan edərək iştirakçıları və rayon rəhbərliyini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Y.Qoca qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Y.Qoca bildirib ki, “Dəmir yumruq” xalq və ordu birliyinin təcəssümüdür. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insan ordu sıralarına könüllü olaraq yazıldı, əldə edilən hər qələbə xəbərini toy-büsatla qarşıladı, "Qarabağ Azərbaycandır!" dillərdə şüar oldu. Məhz bunlar bir daha Azərbaycanda olan xalq-ordu birliyini sübut etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 2023-cü ilin sentyabr ayında başlamış antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz suverenliyini bərpa etdi. Y.Qoca vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Qazax elinin mərd oğulları da qəhrəmanlıq göstəriblər. Qazax rayonu Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman və 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ümumilikdə, 348 nəfər şəhid vermiş, 334 nəfər isə sağlamlığını itirərək əlil olmuşdur. Şəhid və qazilərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri yüksək peşəkarlıq, şücaət və mərdliklərinə görə ölkə başçısının müvafiq Sərəncamları ilə orden və medallarla təltif olunublar. Ölkə Prezidentinin 7 noyabr 2023-cü il tarixli Sərəncamı ilə antiterror tədbirləri zamanı şəhid olmuş Qazaxlı oğullarımız gizir İlham Şəmşiyev, gizir Elvin Əhmədov, baş çavuş Ramin Hüseynov, əsgər Aqşin Nəsibov, əsgər Fərid Nəbiyev, yaralılar Sənan Məmmədov, Saqif Mikayılov, Emin Qocayev və digər hərbi qulluqçular orden və medallarla tətlif ediliblər.


Tədbirdə 2023-cü ilin Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğu qeyd edilib. Vurğulanıb ki, bütün varlığı, ruhu, duyğuları ilə xalqına, Vətəninə bağlı olan, ömrünün böyük bir hissəsini milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Heydər Əliyev təkcə milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə töhfələr vermədi, milli-mənlik və milli kimlik şüurumuzun inkişafına da təkan verdi. Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" kəlamını bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 ildə həyata keçirdiyi siyasətinin nəticəsində reallaşdırdığı qeyd edilib. Azərbaycanı daha da inkişaf etdirərək qabaqcıl ölkələr sırasına daxil etdiyi, Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirərək ata vəsiyyətini yerinə yetirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər zaman hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Qeyd olunub ki, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının üçrəngli Bayrağını ucaldan Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözləri hər birimizi qürurlandırdı, fərəhləndirdi. Bayram tədbirində Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyi kimi, “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq...  Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” sözlərinin real şahidi olduğumuz vurğulanıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini, səmimi ürək sözlərini çatdırıb. M.Alıyev qeyd edib ki, 3 il öncə cəmi 44 gün davam edən Vətən müharibəsində Qələbə qazanan Azərbaycan Ordusu 8 noyabrda Şuşa şəhərini azad etməklə hərb tariximizin şanlı salnaməsini yazdı. Tarixi Qələbəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan İlham Əliyev, canlarını Vətən yolunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz bəxş etdi. M.Alıyev kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib.  M.Alıyev bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildiyini, xalqımızın qürur dolu anlar yaşadığını söyləyib. Bu anı yaşadanlara bir ömür minnətdar olacağımızı vurğulayıb. Nə qədər ki, Azərbaycan xalqı var igid oğullarımızın daim qəlblərdə yaşayacağını, onların göstərdiyi qəhrəmanlığın hər zaman xatırlanacağını, yaddaşlara əbədi həkk olunacağını söyləyib. 

Sonra bayram tədbiri bir-birindən rəngarəng musiqi töhfələri ilə davam etdirilib. Müğənnilər Vüsal Osmanlının “Azərbaycan”, Ramal Vilayətoğlunun “Torpağın səsi” mahnıları tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb. 

Gənc ifaçılar Nicat Zeynalovun söylədiyi “Zəfər”, Mədət Mədətzadənin söylədiyi “Yaşa Azərbaycan” mahnıları tədbirdə böyük coşqu yaradıb.  

Qazax rayon Mədəniyyət Mərkəzinin “Buta” rəqs qrupunun üzvü Aylin Məmmədovanın və digər rəqqasların “Qaval” rəqsi tədbirə xoş ovqat qatıb. 

Gənc ifaçı Gülnar Mədətovanın “Azərbaycan-Türkiyə” mahnısı tədbirə toplaşanlara sevinc bəxş edib.

Aşıq Camoy Qurbanovun, aşıq Hüsən Kəmərlinin ifaları, Yuxarı Salahlı kənd folklor evinin aşıqlar qrupunun ifa etdikləri “Halaldı” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 

“Yurd” Vokal qrupunun ifasında səslənən “Vətəndən pay olmayır” mahnısı tədbirə toplaşanlara qürur dolu anlar yaşadıb.

Müjgan Məhərrəmova və Cəmilə Məmmədovanın skripkada ifa etdikləri “Bakı küləyi” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlanıb.

Qazax Dövlət Dram Tetrının aktyoru Nəsimi Kamaloğlunun “Azərbaycan anaların anası” mahnısı tədbirə toplaşanlara bayram sevinci bəxş edib. 

Qazax Dövlət Dram Tetrının aktyorları Zəmanə Dərviş və Nəsimi Kamaloğlunun ifasında səslənən “Azərbaycan” mahnısı ilə bayram tədbirinə yekun vurulub. 

Sonda şanlı Zəfərimizin, tarixi Qələbəmizin üçüncü ildönümü münasibətilə möhtəşəm atəşfəşanlıq olub.



Facebook-da paylaş