• Təqvim

  • Maraq



Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü ərəfəsində məktəbin məzunu olmuş qazilərlə görüş keçirilib


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

Növbəti tədbir noyabrın 6-da Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə təşkil olunub. Belə ki, məktəbin müəllim-şagird kollektivi 8 Noyabr – Zəfər Günü ərəfəsində vaxtilə 2 nömrəli tam orta məktəbdə təhsil almış Vətən müharibəsi əlilləri ilə görüşüb, igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarına görə minnətdarlıqlarını bildiriblər. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Könül Kərimova çıxış edərək görüş iştirakçılarını, qaziləri salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini, səmimi ürək sözlərini çatdırıb. K.Kərimova əlamətdar və tarixi gündə onlarla bir yerdə olduqlarına, məktəblilərin təşkil etdiyi bayram tədbirində iştiraklarına görə məktəbin məzunu olan qazilərə razılığını ifadə edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə qürur duyduqlarını, gələcəyimiz olan gənclərə, məktəblilərə onların keçdikləri döyüş yolunu, qəhrəmanlığını hər zaman nümunə çəkdiklərini vurğulayıb, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini söyləyib. K.Kərimova qeyd edib ki, məktəbin kollektivi olaraq bizim üçün qürurvericidir ki, vaxtilə məktəbin məzunu olan qazilərimizin bu gün övladları məktəbdə təhsil alır. Bu gün şəhidlərimizin bizlərə əmanət olan övladlarına, qazilərimizin övladlarına dərs demək, bilik öyrətmək, onları ataları kimi vətənpərvər yetişdirmək hər bir müəllim üçün böyük qürur və fəxarətdir. 


Tədbirdə iştirak edən 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində misilsiz xidmətlərindən söz açan natiq dahi rəhbərin təşəbbüsü ilə 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, şəxsiyyətin adını daşıyan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olduğu üçün özünü şanslı hesab etdiyini, həmin liseydə və ali məktəbdə təhsil alan kursantların istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini söyləyib. “2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmək, müstəqilliyimizi daimi etmək üçün haqq savaşına çıxdıq və bu yoldan qalib olaraq qayıtdıq. Bu, Azərbaycan gənclərinin müstəqillik tarixində qarşısında duran vəzifəni layiqincə yerinə yetirməsi idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ərazi bütövlüyümüz tamlığına qovuşdu. 2023-cü ilin 15 oktyabrında Müzəffər Ali Baş Komandanın Xankəndidə üçrəngli bayrağımızı ucaltması hər kəsi qürurlandırdı. Bu, eyni zamanda, bir daha onu göstərdi ki, ərazi bütövlüyümüzün tamlığı, suverenliyimiz, müstəqilliyimiz yoldunda hər bir Azərbaycan əsgəri, zabiti canından keçəməyə hazırdır. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır”, - deyən S.Çobanov ölkəmizin əldə etdiyi uğurların təməlində Prezident İlham Əliyevin dahi şəxsiyyətin siyasətini olduğu kimi davam etdirməsinin dayandığını vurğulayıb. S.Çobanov torpaqlarımızın azadlığı uğrunda Qazax rayonunun 348 nəfər şəhid verdiyini bildirib. Bunlardan 289 nəfərin Birinci Qarabağ müharibəsi, 49 nəfərin 44 günlük Vətən müharibəsində, 2 nəfərin Vətən müharibəsindən sonra xidməti vəzifəsini yerinə yetirərkən, 3 nəfərin 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman, 5 nəfərin 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olduğunu bildirib. Qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabr döyüşləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 52 nəfər şəhid müxtəlif adda 215 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayılın müəllifi olduğu 500 tirajda “Qanları ilə dastan yazanlar” kitabı çap edilmiş, ”Qarabağ Azərbaycandır!” Abidə Kompleksi inşa edilmiş, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı şəhid olmuş oğullarımızın adını əbədiləşdirən guşə yaradılmış və Qazax Şəhidlər xiyabanına isə 348 nəfər şəhidin şəkilləri əks olunan mərmər lövhələr vurulmuşdur. Bakı Dövlət Universitetinin Qazax filialında və Qazax Gənclər Mərkəzində şəhidlərin xatirəsinə guşələr yaradılmışdır. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 69 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 242 nəfər hərbi qulluqçu ümumilikdə müxtəlif adda 593 ədəd orden və medallarla (onlardan 1 nəfər 3-cü dərəcəli ”Rəşadət” ordeni, 2 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz mayor Nicat Bədəlov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Digər hərbi xidmətini davam etdirən və hərbi xidmətdən təxris olunmuş hərbi qulluqçularımız da Prezidentin müvafiq sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif olunmuşlar. S.Çobanov qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdirHərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər birimizə nümunə olduğunu söyləyib. Bugünkü tədbirin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasından xəbər verdiyini söyləyib və bu işdə əziyyəti olan müəllimlərə minnətdarlığını bildirib. 


Ömrünün 20 ilini hərbiyə həsr edən, 2-ci dərəcəli Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. X.Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbəni xalqımızın bu gün də qürurla qeyd etdiyini söyləyib. X.Əliyev 15 oktyabr 2023-cü il tarixinin də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını qeyd edib. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözlərinin hər kəsi qürurlandırdığını vurğulayıb. 

Sonra söz məktəblilərə verilib. Balaca fidanlar 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə, şanlı Zəfərə, şəhidlərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Bu gün onlarla görüşə gələn qazi qardaşlarına olan ürək sözlərini, təşəkkürlərini şeirlərin, mahnıların dili ilə çatdırıblar. 



Facebook-da paylaş