• Təqvim

  • Maraq



Qazaxda “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür” mövzusunda tədbir keçirilib


Oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədrləri, fəalları və veteranları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı bildirib ki, Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü - Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən 18 oktyabr yeni adıyla Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir. Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı dövlət müstəqilliyini əsrimizin əvvəlində əldə edibdir. 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaranıb, Azərbaycan müstəqil dövlət olubdur. Sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum olmuşdur. Ancaq sonrakı dövr Azərbaycan xalqının böyük inkişaf dövrü olmuşdur. Xalqımız maariflənmiş, Azərbaycan elmi, mədəniyyəti, təhsili yüksək sürətlə inkişaf etmiş, respublikamızda güclü iqtisadi potensial yaranmışdır. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Ötən illər ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf etmiş, möhkəmlənmişdir. Ancaq bu dövr ölkəmizin həyatında çox gərgin və mürəkkəb proseslər dövrü olmuşdur. Müstəqil Azərbaycan Respublikası ötən illər ərzində böyük sınaqlardan keçmişdir. Müstəqilliyimizin möhkəmlənməsinə mane olan qüvvələr həm xaricdə, həm də daxildə mövcud olmuşdur. Onların qarşısını almaq, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək ən əsas vəzifə olmuşdur. Daxildə gedən proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə maneçilik törətmişdir. Hakimiyyət mübarizəsi, hakimiyyətin güclə dəyişdirilməsi halları Azərbaycandakı daxili vəziyyəti çox gərginləşdirmişdi. Xüsusən də, 1993-cü ilin iyun ayında Azərbaycanda çox ağır bir vəziyyət yaranmış, respublikada vətəndaş müharibəsi baş vermiş, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdır. Bunun qarşısı alınmış, ancaq ondan sonrakı dövrdə də Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etmiş və respublikamızda dövlət çevrilişinə iki dəfə cəhd göstərilmişdir. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, ötən illər ərzində, xüsusən son illərdə respublikamızın dövlət müstəqilliyi gündən-günə güclənmiş, Azərbaycan dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurmuş, sazişlər imzalamış, beynəlxalq təşkilatlarda öz sözünü, mövqeyini daim açıq-aydın bildirmişdir. Dövlət Müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. İcra başçısı bildirib ki, ötən bu dövrdə Azərbaycan xalqının çox böyük nailiyyətləri vardır. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, müstəqilliyi qoruyub saxlamışıq və onu bu gün dönməz etmişik. Böyük nailiyyət ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu Konstitusiya respublikamızda hüquqi, demokratik, dünyəvi dövlətin bundan sonra da qurulması, inkişaf etdirilməsi üçün hüquqi əsaslar yaratmışdır. Bu gün biz dövlət müstəqilliyimizin ildönümünü qeyd edərkən yaxşı dərk edirik ki, qarşıda çox böyük vəzifələr durur. Ən böyük vəzifə ondan ibarətdir ki, köçkün düşmüş vətəndaşlarımızı işğaldan azad olunmuş torpaqlarmıza, öz dəda-baba yurdlarına qaytaraq. Bu yolda aparılan işlər qısa zaman ərzində öz səmərəsini verməkdədir. Rayon rəhbəri vurğulayıb ki, bizim vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdır. Heydər Əliyevin xilaskar missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli Ümummilli Lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyuldu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 


İcra başçısı bildirib ki, 28 May – Respublika Gününün Müstəqillik, 18 Oktyabr – Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir. 2023-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü tam bərpa etmiş Xankəndi ilə birlikdə qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi olduğunu göstərir. Rayon rəhbəri qeyd edib ki, Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geri alınmasına nail olduq. Müstəqilliyin bərpasını qeyd etdiyimiz bu günlərdə Prezident İlham Əliyev, rəşadətli ordumuz və canlarını Vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqımıza bəxş edilmiş şanlı Zəfər tariximiz bizim qürur mənbəyimizdir. Prezident Ilham Əliyevin də xüsusi vurğuladığı kimi, “Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdlarımızdan çıxara bilməz!”. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan bayrağı işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə dalğalanır. İcra başçısı vurğulayıb ki, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Ən önəmlisi də illərlə arzuladığımız Xankəndi bizimdir. Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Dövlət başçısının da söylədiyi kimi, bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Bizim vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir.


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Bu il 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü əlamətdar bir ildə, “Heydər Əliyev İli”ndə qeyd etdiyimizi söyləyib. Eyni zamanda, 2021-ci ildən bu yana qalib xalqın nümayəndələri olaraq bu əlamətdar günü təntənə ilə qeyd etdiyimizi vurğulayıb. A.Nəbiyev qeyd edib ki, XX əsrdə müdrik Azərbaycan xalqına müstəqillik, azadlıq hisslərini duymaq, dadmaq iki dəfə nəsib olub. İlk dəfə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman müstəqilliyin nə olduğunu xalqımız bildi. 23 ay sonra müəyyən səbəblərdən süqut etdi. Bu illər ərzində xalqımız çox əzablardan keçdi. 1991-ci ilin 18 oktyabrında tarixi zərurətdən sovetlər ittifaqının dağılmasından sonra Azərbaycan dövləti və xalqı yenidən ikinci dəfə öz müstəqilliyinə qovuşdu. A.Nəbiyev qeyd edib ki, bu gün xoşbəxt xalqıq ki, müstəqil, qalib dövlətin nümayəndələriyik. “Dövlət o zaman müstəqil olur ki, onun torpaqları işğaldan azad olunur, ərazi bütövlüyü tamamlanır, suverenliyi bərpa olunur”, - deyən A.Nəbiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bu istəyimizə nail olduğumuzu söyləyib. 2023-cü ilin 15 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə üçrəngli Azərbaycan Bayrağını ucaltmasının xalqımızın yaddaşında silinməz izlər qoyduğunu bildirib, bu hadisəni müstəqil dövlətimizin növbəti uğuru, nailiyyəti kimi qiymətləndirib. 


Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. S.Çobanov bildirib ki, “Mən fəxr edirəm ki, qalib ordunun zabitiyəm. Çox qürurlanıram. Ona görə qürurlanıram ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ölkəmizi, xalqımızı qələbəyə apardı. Bu, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin qoyduğu irsin olduğu kimi uğurla davam etdirilməsi demək idi. Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alarkən kursant yoldaşlarımla birlikdə biz dövlətimizə, xalqımıza, Heydər Əliyev ənənələrinə sədaqətlə yetişdirildik. Ordumuza ölkə başçısının diqqət və qayğısını hər zaman hiss etdik. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmək, müstəqilliyimizi daimi etmək üçün haqq savaşına çıxdıq və bu yoldan qalib olaraq qayıtdıq. Bu, biz gənclərin müstəqillik tarixində qarşımızda duran vəzifəni layiqincə yerinə yetirməyimiz idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ərazi bütövlüyümüz tamlığına qovuşdu. 2023-cü ilin 15 oktyabrında Müzəffər Ali Baş Komandanın Xankəndidə üçrəngli bayrağımızı ucaltması hər kəsi qürurlandırdı. Bu, eyni zamanda, bir daha onu göstərdi ki, ərazi bütövlüyümüzün tamlığı, suverenliyimiz, müstəqilliyimiz yoldunda hər bir Azərbaycan əsgəri, zabiti canından keçəməyə hazırdır”. Şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə razılığını bildirən S.Çobanov buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. E.Əfəndiyeva Azərbaycan dövlətinin və xalqının öz müstəqilliyinin bərpasının 32 illliyini qalib dövlət olaraq qeyd etdiyini söyləyib. E.Əfəndiyeva bildirib ki, 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. E.Əfəndiyeva qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünün tamlığı, suverenliyi, müstəqilliyimizin əbədi olması üçün bu yolda canından keçməyi gözə alan güclü ordumuz, həmrəylik nümayiş etdirən xalqımız var. Müzəffər Alİ Baş Komandanın söylədiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır. 


YAP Qazax Rayon Təşkilatının əməkdaşı Kənan Hüseynli çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. K.Hüseynli XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edib. Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafının məhz Ulu Öndərin adı və fəaliyyəti ilə sıx bağlı olduğunu söyləyib. Vurğulayıb ki, 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda yeganə xilas və ümid yerimiz olan Heydər Əliyev xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə qayıtdı. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edildi, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu.


Partiya veteranı, şair Cavanşir Rüstəm çıxış edərək ələmatdar gün münasibətilə təbrikini Müstəqilliyin Bərpası Gününə həsr etdiyi, eləcə də qalibiyyətimizi əks etdirən şeiri səsləndirməklə çatdırıb. “Bizimlə sərt dildə danışmaq olmaz!” adlı şeiri ilə tədbirə xoş ovqat qatıb.  

Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdləri 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şeirlər səsləndiriblər. 

Tədbirdə rayonun ictimai - siyasi həyatında fərqlənən bir qrup partiya fəalı YAP Qazax Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. 

Sonda xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ



Facebook-da paylaş