• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş veloyürüş keçirilib


Oktyabrın 15-də Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazax rayonunun Daş Salahlı kəndi ərazisində veloyürüş keçirilib. 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, Qoruğun əməkdaşları, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz MəsmalıyevQazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov, sektorun əməkdaşları, BDU-nun Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, məktəblilər iştirak ediblər. 

Veloyürüş iştirakçıları əvvəlcə Qazax şəhəri Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət edib, igid Vətən oğullarına ehtiramlarını bildiriblər.


Sonra iştirakçılar Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, xiyabanda uyuyan şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzərək əziz xatirələrini ehtiramla yad ediblər.

20 nəfərin iştirakı ilə baş tutan veloyürüş Şəhidlər Xiyabanından start götürərək 4 km məsafədə davam edib və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında başa çatıb. 

Daha sonra Qoruğun əməkdaşları tərəfindən Damcılı bulağında “Abidələrimiz keçmişimiz, bu günümüz və gələcəyimizdir” mövzusunda slayd təqdim edilib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən iştirakçılara Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş veloyürüşdə iştiraklarına görə sertifikatlar təqdim olunub.

Tədbirin sonunda “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən tədbir iştirakçılarına çay süfrəsi təşkil edilib. Xatirə şəkilləri çəkdirilib.


GOYEZEN.AZ



Facebook-da paylaş