• Təqvim

  • Maraq



İcra başçısı yeni tikilən Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə olub


Bu gün ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladıqları sahələrdən biri məhz təhsil sahəsidir. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğını yeni tikilən və ya əsaslı təmir edilən təhsil müəssisələrinin sayının ildən-ilə artmasından aydın şəkildə görmək olur. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramlarının rolu isə əvəzsizdir. Məhz bu proqramlar çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da daim hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Elm və Təhsil Nazirliyi tərəfindən 964 şagird yerlik Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin yenidən qurulması, Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi, həmçinin, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının yenidən bərpa olunması və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyətə başlaması Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsidir.

Ölkə başçısı tərəfindən yararsız halda olan Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da Qazaxda təhsil sahəsinə olan növbəti dövlət qayğısıdır. Elm və Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamı deməkdir. 

Sözügedən məktəb-liseyin şagirdləri 15 Sentyabr – Bilik Gününü artıq yeni məktəb binasında qeyd edəcəklər. Qeyd edək ki, 4 mərtəbədən ibarət məktəbdə 28 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 informatika kabineti, məktəbəhazırlıq və tibb otaqları, 244 nəfərlik akt zalı, qapalı və açıq idman meydançaları, kitabxana, 172 yerlik bufet mövcuddur. 


Avqustun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev və sektorun baş məsləhətçisi Əziz Məmmədovla birlikdə yeni inşa edilən məktəb-liseydə olub. Məktəbdə yaradılmış şəraitlə tanış olan icra başçısı müəllimlərlə görüşüb, səmimi ürək sözlərini bölüşüb. 

Məktəb-liseyin direktoru Tahirə Comərdova yeni inşa edilən məktəb binasını müəllim-şagird kollektivi üçün əsl töhfə, təhsilimizə, gələcəyimiz olan gənclərə göstərilən dövlət qayğısı kimi qiymətləndirib. Yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Müəllimlər də öz növbələrində ölkə başçısına razılıqlarını ifadə edərək bundan sonra da onlara olan etimadı, göstərilən qayğını əldə etdikləri nailiyyətlərlə doğrultmağa çalışacaqlarını bildiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş